9 Noyabr - Dövlət Bayrağı Günümüz
Hər bir xalqın tarixində onun milli kimliyini və müstəqillik arzusunu ifadə edən müqəddəs rəmzlər var. Azərbaycan xalqı üçün bu rəmzlərin ən önəmlisi üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin birləşdiyi bu bayraq dövlətçiliyimizin, milli birliyimizin və azadlıq iradəmizin təcəssümüdür.
Azərbaycan bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qəbul edilib. Cümhuriyyətin süqutundan sonra uzun müddət xalqımızın yaddaşında yaşayan bu rəmz 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində yenidən qaldırılıb.
Bayrağımızın hər rəngi özünəməxsus məna daşıyır: mavi türkçülüyü, qırmızı müasirliyi və inkişafı, yaşıl isə İslam sivilizasiyasına bağlılığımızı ifadə edir. Aypara və səkkizguşəli ulduz bu mənəvi bütövlüyü tamamlayır.
Uzun illər üçrəngli bayrağımızın Qarabağda dalğalanması xalqımızın ən böyük arzularından biri olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər bu arzunu gerçəyə çevirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşada, Xankəndidə, Xocalıda və digər azad edilmiş ərazilərimizdə bayrağımızı ucaltması tariximizin unudulmaz hadisələrindəndir. Bu gün həmin torpaqlarda dalğalanan üçrəngli bayrağımız suverenliyimizin, milli iradəmizin və Zəfərimizin rəmzidir.
Bayrağa hörmət tarixə, dövlətçiliyə və müstəqilliyə hörmət deməkdir. Onun beynəlxalq tədbirlərdə və idman arenalarında dalğalanması hər bir azərbaycanlıya qürur yaşadır. Bu müqəddəs rəmzin tarixini və mənasını gələcək nəsillərə çatdırmaq isə hər birimizin mənəvi borcudur.
9 Noyabr bizə müstəqilliyimizin dəyərini və milli birliyimizin gücünü xatırladır. Üçrəngli bayrağımız keçmişimizdən aldığımız gücün, bu günümüzün qürurunun və gələcəyimizə olan inamımızın ifadəsidir.
Bayrağımız daim uca, müstəqilliyimiz əbədi olsun!
Nurgün Qənizadə