907-ci düzəlişin ləğvi Azərbaycan- ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər
Bildiyimiz kimi, ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin Azərbaycanla bağlı tətbiqinin dayandırılması müddətinin yenidən uzadılması ilə əlaqədar Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə bildiriş göndərib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, 907-ci düzəlişin tamamilə ləğvi Azərbaycan-ABŞ münasibətlərində illərdir mövcud olan siyasi və hüquqi maneələrdən birini aradan qaldıraraq strateji tərəfdaşlığın institusional əsaslarını gücləndirə bilər:
"Bu qərar müdafiə və təhlükəsizlik əməkdaşlığının genişlənməsinə, sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, enerji layihələri, Orta Dəhliz və regional bağlantılar sahəsində daha uzunmüddətli proqramların həyata keçirilməsinə imkan yaradar. Hazırkı illik dayandırma mexanizmi münasibətləri hər dəfə Konqresdəki siyasi vəziyyətdən asılı saxlayır, tam ləğv isə əməkdaşlığa daha proqnozlaşdırılan və davamlı xarakter verərdi. Eyni zamanda bu addım Azərbaycanın ABŞ üçün yalnız enerji və təhlükəsizlik tərəfdaşı deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyaya çıxış baxımından strateji ölkə kimi qəbul edildiyini nümayiş etdirərdi. Dövlət Departamentinin dayandırma müddətini yenidən uzatması Konqresdə Azərbaycanla bağlı yanaşmaların tamamilə dəyişdiyini söyləməyə əsas verməsə də, müəyyən praqmatik dönüşün formalaşdığını göstərir. Xüsusilə Azərbaycan–Ermənistan sülh prosesində irəliləyiş, regionda yeni nəqliyyat marşrutlarının açılması və Azərbaycanın enerji təhlükəsizliyində artan rolu Vaşinqtonda 1992-ci ilin siyasi şərtləri ilə hazırlanmış məhdudiyyətin artıq mövcud reallıqları əks etdirmədiyi fikrini gücləndirir. Bununla belə, düzəlişin tam ləğvi administrasiyanın müvəqqəti qərarı ilə deyil, Konqresdə qanunvericilik təşəbbüsünün qəbul edilməsi ilə mümkündür və burada erməni lobbi qruplarının təsiri, insan hüquqları mövzusu və partiyalararası münasibətlər mühüm rol oynayacaq. Buna görə bildiriş müsbət siyasi siqnaldır, lakin Konqres daxilində Azərbaycanla bağlı köklü və yekdil mövqe dəyişikliyinin artıq baş verdiyini demək hələ tezdir".
Səadət Əlizadə