00:00:00
Yazar
Admin User
09.01.2026 17:26 85 4 dəq oxuma
Siyasət

AB bu şərtlə Qrenlandiyanı Trampa verə bilər

AB bu şərtlə Qrenlandiyanı Trampa verə bilər

Avropa və ABŞ münasibətlərindəki iki “ağrılı məqam”la bağlı mövqe mübadiləsi apara bilər. Bu barədə “Politiko” məlumat yayıb.

 

“Söhbət Ukrayna və Qrenlandiyanı əhatə edəcək paket razılaşmasından gedir. Mümkün ssenarilərdən biri “təhlükəsizlik qarşılığında təhlükəsizlik” razılaşmasıdır. Bu razılaşmaya əsasən, Avropa ABŞ-nin Qrenlandiyada genişləndirilmiş rolunun müqabilində Tramp administrasiyasından Ukrayna ilə bağlı daha güclü zəmanətlər alır”, - məlumatda deyilib.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a politoloq Əli Mustafa açıqlama edib:

 

“Əsas qırılma nöqtəsi məhz buradadır. Əgər Amerika istədiyini əldə edərsə, yəni Qrenlandiya Amerikanın bir hissəsinə çevrilərsə, bu o deməkdir ki, Avropa həmin ərazidən, həmin adadan faktiki olaraq imtina etmiş olur. Belə olan halda adanın resursları Amerikanın nəzarətinə keçir və ABŞ-nin tabeliyində idarə olunur.

 

Qrenlandiyanın əsas strateji əhəmiyyəti ondadır ki, o, Şimal qütbü üzərindən formalaşacaq və gələcəkdə aktivləşəcək. Bu isə o deməkdir ki, həmin marşruta nəzarət Amerikanın əlində cəmlənir, Avropanın isə bu nəzarət imkanları xeyli zəifləyir. Şimal qütbündə Norveçin də müəyyən təsiri var, lakin Qrenlandiya daha strateji bir bölgə hesab olunur”. 

 

Politoloq qeyd edib ki, digər tərəfdən, Qrenlandiya nadir torpaq elementləri ilə zəngin bir ərazidir:

 

“Bu baxımdan Avropa təbii ki, müəyyən iqtisadi və strateji itkilərlə üzləşir. Lakin Qrenlandiyanın itirilməsini Avropanın strateji müstəqilliyinə ölümcül zərbə kimi qiymətləndirmək də doğru olmaz. Yəni Avropa üçün bu ada həlledici strateji əhəmiyyət daşımır, amma Amerika üçün son dərəcə vacibdir.

 

Çünki Amerika qlobal ticarət yollarının əksəriyyətinə nəzarət edir və yeni açılacaq bu marşrut vasitəsilə Rusiya və Çinin istifadə edəcəyi yollara da təsir imkanları qazanır. Açıq demək lazımdır ki, Avropanın bu gücü yoxdur. Hətta Qrenlandiya Danimarkanın yurisdiksiyasında qalsa belə, Avropa İttifaqının həmin yol üzərində real nəzarət mexanizmi mövcud deyil. Bu, yalnız Amerikanın gücünün çatdığı bir məsələdir. Bu baxımdan Qrenlandiyanın itirilməsi Avropanın strateji müstəqilliyinə ciddi xələl gətirməsə də, Avropanın müəyyən qədər zəifləməsini şərtləndirir. Əgər bu proses razılaşma əsasında baş verərsə, yəni Avropa İttifaqı ilə ABŞ arasında qarşılıqlı razılaşma olarsa, bu halda Avropanın nüfuzu ciddi zərbə almış sayılmaz. Lakin Qrenlandiya güc yolu ilə, zorla ələ keçirilərsə, bu, Avropanın beynəlxalq nüfuzuna ağır zərbə olardı.

 

Mümkündür ki, Avropa İttifaqı ABŞ-lə razılaşaraq Qrenlandiya müqabilində Ukraynanın təhlükəsizliyinə təminat alınmasını qəbul etsin. Yəni ABŞ Ukraynanın təhlükəsizlik təminatında əsas rol oynayar. Bu, məsələnin mümkün həll variantlarından biri ola bilər. Artıq mövzunun açıq şəkildə müzakirəyə çıxarılması da belə bir ssenarinin real olduğunu göstərir. Bu, bir tərəfdən Avropa İttifaqına “üzünü qorumaq” imkanı verir, digər tərəfdən isə ABŞ-nin açıq güc tətbiqindən yayınmasına şərait yaradır. Düşünürəm ki, Amerika Ukraynaya konkret təhlükəsizlik zəmanətləri vermək müqabilində Qrenlandiyanı əldə etməyə çalışacaq və bu, ABŞ-nin maraqlarına tam uyğundur”. 

 

Ə. Mustafa bildirib ki, hazırda hər şey aparılan danışıqlardan asılıdır:

 

“Yaxın dövrdə bu ssenarinin nə dərəcədə real olduğunu görəcəyik. Əgər Avropa İttifaqı təhlükəsizlik zəmanətləri müqabilində Qrenlandiyanın ABŞ-yə verilməsinə razılaşarsa, Amerika da bunu qəbul edəcək.

 

Artıq müşahidə edirik ki, ABŞ-nin mövqeləri tədricən sərtləşir. Rusiyaya məxsus bir sıra tanker gəmilərinin birbaşa ABŞ tərəfindən saxlanılması bunu açıq göstərir. Bu isə o deməkdir ki, Amerikanın Rusiya ilə bağlı ehtiyatlı yanaşması mərhələli şəkildə aradan qalxır və ABŞ daha cəsarətli mövqe nümayiş etdirir. Hətta yaxın zamanda Rusiyaya qarşı daha sərt sanksiyaları nəzərdə tutan qanun layihəsinin ABŞ Konqresində müzakirəyə çıxarılacağı da bildirilir.

 

Bütün bunlar onu deməyə əsas verir ki, Amerika Rusiya ilə münasibətlərdə təzyiqi artırır və Qrenlandiya müqabilində Ukraynanın təhlükəsizliyinə təminat verilməsi variantını masada saxlayır. Əgər belə bir razılaşma baş tutarsa, yəni Qrenlandiya müqabilində Avropanın və ya Ukraynanın təhlükəsizliyi təmin edilərsə, bu, Avroatlantik güc mərkəzi üçün hər iki tərəf baxımından sərfəli ola bilər. Avropa yenə də ABŞ-nin təhlükəsizlik çətiri altında qalmaq istəyir. Amerika isə Avropa İttifaqının onunla siyasi, hərbi və iqtisadi əməkdaşlığı davam etdirməsində, onun silahlarını alması və strateji xəttinə uyğun hərəkət etməsində maraqlıdır. Bu, Avropanın alternativ güc mərkəzləri ilə yaxınlaşaraq ABŞ-yə qarşı mövqe tutmasının qarşısını alır.

 

Nəticə etibarilə, bu razılaşma ABŞ-nin qlobal mövqelərini daha da gücləndirir. Avropa təhlükəsizlik baxımından müəyyən qazanc əldə etsə də, Amerika Qrenlandiya kimi strateji və zəngin bir əraziyə sahib olaraq öz gücünə əlavə güc qatır və dünyanın ən mühüm strateji üstünlüklərinə malik aparıcı güc mərkəzlərindən birinə çevrilir”. 

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər