00:00:00
Yazar
Lalə Qafarova
01.10.2026 22:28 18 2 dəq oxuma
Siyasət

Azərbaycan-Çin münasibətlərinin inkişafında yeni mərhələ

 

Azərbaycan-Çin münasibətlərinin inkişafında yeni mərhələ

Azərbaycan-Çin strateji tərəfdaşlığının dərinləşməsi siyasi əlaqələrin möhkəmlənməsinə, ticarət, investisiya, nəqliyyat-logistika və "yaşıl enerji" sahələrində əməkdaşlığın genişlənməsinə imkan yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilk növbədə iki ölkə arasında siyasi etimadın daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir:

 

“2024-cü ildə imzalanmış Birgə Bəyanatla tərəflər suverenlik, təhlükəsizlik və ərazi bütövlüyü kimi fundamental məsələlərdə qarşılıqlı dəstəyi təsdiqləyiblər. Bu siyasi baza Bakı ilə Pekin arasında dialoqun yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, regional və beynəlxalq platformalarda da genişlənməsinə imkan yaradır. Azərbaycan üçün Çin kimi qlobal güc mərkəzi ilə münasibətlərin dərinləşdirilməsi xarici əlaqələrin şaxələndirilməsi və Asiya istiqamətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

 

Politoloq qeyd edib ki, iqtisadi baxımdan tərəfdaşlığın əsas perspektivləri ticarət, investisiya, nəqliyyat-logistika, "yaşıl enerji", rəqəmsal iqtisadiyyat və sənaye sahələrində görünür:

 

“Azərbaycan Çini Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mühüm mövqeyə malikdir və bu, ölkəmizin tranzit-logistika imkanlarını daha da artırır. Eyni zamanda Çin şirkətlərinin Azərbaycanda investor və podratçı kimi fəaliyyətinin genişlənməsi yeni texnologiyaların və kapitalın cəlb olunmasına şərait yaradır. Artıq bərpaolunan enerji sahəsində konkret layihələrin həyata keçirilməsi əməkdaşlığın praktik nəticələr verdiyini göstərir. Bu baxımdan strateji tərəfdaşlığın dərinləşməsi Azərbaycan-Çin münasibətlərini ənənəvi ticarət əlaqələrindən daha geniş və uzunmüddətli iqtisadi əməkdaşlıq modelinə keçirir”.

 

Nurgün Qənizadə

#azərbaycan #yeni #azərbaycan-çin #gündəm #mərhələ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər