Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib - ŞƏRH
ABŞ Dövlət katibi Marko Rubionun İranın BMT Baş Assambleyasındakı nümayəndə heyətinin ABŞ-ni tərk etməsini tələb etməsi Vaşinqton-Tehran münasibətlərində diplomatik gərginliyi yenidən gündəmə gətirib.
“Axios”un məlumatına görə, Rubio İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməsini istəyib. Qərar ABŞ və İran arasında aparılan dolayı danışıqlarda irəliləyiş əldə olunmamasından sonra verilib. Əraqçi və nümayəndə heyəti daha sonra Dohaya yollanıb.
Bununla belə, İranın BMT-dəki nümayəndəliyi heyətin ölkəni vaxtından əvvəl tərk etməsi barədə ABŞ tərəfinin versiyasını qəbul etməyib. İran nümayəndəliyi səfərin əvvəlcədən müəyyənləşdirilmiş qrafikə uyğun baş verdiyini bildirib.
Politoloq Tural İrfanın sözlərinə görə, ABŞ-İran probleminin həlli üçün əsas vasitələrdən biri məhz danışıqlardır. Onun fikrincə, İran nümayəndə heyətinin ABŞ-ni tərk etməsi iki ölkə arasında onsuz da mövcud olan diplomatik gərginliyi daha da artıra bilər.
Ekspert qeyd edib ki, danışıqların nəticəsiz qalması Yaxın Şərqdəki həssas vəziyyətə təsir göstərə və hərbi riskləri artıra bilər:
“Tərəflərin güzəştə getmək istəməməsi hər iki ölkənin hərbi münaqişə ehtimalının artdığına inamını gücləndirir".
Tural İrfanın sözlərinə görə, Qətər kimi regional vasitəçilərin diplomatik səyləri hələ də davam edir. Lakin ABŞ və İran arasında fundamental məsələlər üzrə fikir ayrılıqlarının qalması yaxın perspektivdə kompromis əldə olunmasını çətinləşdirir.
Politoloq hesab edir ki, diplomatik kanalların zəifləməsi tərəflər arasında qarşılıqlı etimadsızlığı artıra və yeni eskalasiya riskini yüksəldə bilər. Onun fikrincə, razılıq əldə olunmadığı təqdirdə münasibətlər daha sərt sanksiyalar, diplomatik təzyiqlər və regional qarşıdurmalarla müşayiət oluna bilər.
Ekspertin qənaətinə görə, diplomatik yollarla razılığın əldə olunmaması ABŞ-İran münasibətlərində yeni hərbi qarşıdurma riskini artırır və bu proses Yaxın Şərqin təhlükəsizliyinə də təsir göstərə bilər.