00:00:00
Yazar
Güllər Gülhüseynova
27.08.2026 20:54 259 2 dəq oxuma
Siyasət

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

İran və Oman arasında Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşma körfəz bölgəsində yalnız region ölkələri arasında nizamlanmanın nümunəsidir.

 

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin İran və Oman arasında Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşmanı regional nizamlanmanın nümunəsi kimi qiymətləndirməsi Yaxın Şərqdə diplomatik səylərin gücləndiyini göstərir:

 

“Hörmüz boğazı qlobal neft tədarükünün əsas arteriyasıdır və bu strateji bölgədə hər hansı sabitliyin təmin edilməsi bütün beynəlxalq birlik üçün həyati əhəmiyyət daşıyır. Tehran və Maskat arasında imzalanan bu saziş Hörmüz boğazı ətrafındakı hərbi gərginliyin və təhlükəsizlik risklərinin real şəkildə azalmasına güclü təsir göstərə bilər. Oman ənənəvi olaraq regionda bitərəf vasitəçi rolunu oynayır və bu ölkənin iştirakı ilə əldə edilən razılaşmalar həmişə praktiki nəticələr verir. İki ölkə arasında təhlükəsizlik koordinasiyasının güclənməsi gəmiçilik təhlükəsizliyini artırır və təsadüfi hərbi insidentlərin baş vermə ehtimalını minimuma endirir”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, bu razılaşma təkcə ikitərəfli əlaqələrin dərinləşməsi demək deyil, həm də İranın qonşu dövlətlərlə dialoq qurmaqda maraqlı olduğunu nümayiş etdirən mühüm siyasi jestdir:

 

“Tehran bu addımla Qərbin tətbiq etdiyi təcrid siyasətini yarmağa və regional tərəfdaşları ilə etimad mühiti yaratmağa çalışır. Eyni zamanda, bu proses İranın Fars körfəzindəki digər ölkələrlə münasibətlərində də yeni bir diplomatik mərhələnin başlanğıcı ola bilər. Əgər bu model uğurlu işlərsə, digər körfəz ölkələri də Tehranla təhlükəsizlik və ticarət sahəsində birgə mexanizmlərin qurulmasına daha çox meyilli ola bilərlər. Regionda gərginliyin səngiməsi həm də iqtisadi layihələrin və tranzit yollarının təhlükəsiz işləməsi üçün zəmin yaradır. Nəticə etibarilə, İran ilə Oman arasında əldə edilən bu razılaşma gərginliyin azaldılması istiqamətində atılan real addım olmaqla yanaşı, Yaxın Şərqdə yeni diplomatik reallıqların formalaşmasına da güclü təkan verir”.

 

Güllər Gülhüseynova

#nümunəsidir #əraqçi: #boğazı #baki #hörmüz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər