Abdulla Şaiq
“...Bir gün bacım onu bizə çağırdı. Mən orta qapının açar deşiyindən nə qədər baxdımsa da, qızın üzünü aydın görə bilmədim. Bacım bir həftə sonra Raziyəni yenə bizə çağırdı. Bu dəfə qapı xeyli aralı idi. Anam isə qızın anası ilə söhbətə getmişdi. Raziyə xanım bacımla şirin söhbət edərkən mən guya qızın bizdə olduğunu bilməyib otağa girdim. Raziyə cəld ayağa qalxdı və üzünü yaylığı ilə örtdü. Mən tez qapını örtüb o biri otağa çəkildim. Bu dəfə o məni, mən onu aydın görmüşdüm”.
Bu sözləri XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai və bədii fikir tarixinin inkişafında mühüm yer tutan şair, ictimai xadim, istedadlı pedaqoq Abdulla Şaiq “Xatirələrim”də yazıbdır.
Abdulla Şaiqin xatirələrindən belə aydın olur ki, Bakıya 1901-cü ildə gəlib. İlk pənah aparacağı yer Nəriman Nərimanovun evi olub. “Şaiq anası ilə Nərimanovun yanına gedir, Bakıya gəlməyinin səbəbini söyləyir. Nərimanov onun fikrini bəyənir”. İllər sonra bu haqda A.Şaiq yazırdı: “Nəriman Nərimanov ailəsinə, qohum-qardaşına, dost-tanışına olduqca bağlı, qəlbi geniş, dostluqda sadiq və xeyirxah bir insan idi. Hələ evlənməmiş olduğu halda böyük bir ailə sahibi idi. Qoca anasını, xalasını, iki dul bacısı və onların uşaqlarını, qardaşı uşaqlarını öz himayəsi altına almışdı. O, gecə-gündüz çalışır, çapalayır, on iki nəfərdən ibarət olan böyük ailəsini çətinliklə idarə edirdi. Gəncliyin bütün zövq və nəşəsini yalnız onlara fəda edərək bacısı və qardaşı uşaqlarını oxudub bir yana çıxarmaq istəyirdi”.
N.Nərimanovun qayğısı və nəzarəti ilə imtahanlara ciddi hazırlaşan A.Şaiq “1901-ci ildə orta məktəblərdə Azərbaycan dili müəllimi hüququnu almaq üçün 1-ci Aleksandrinski gimnaziyada imtahan verərək “əla” qiymət alır və Bakı duması nəzdində olan maarif şöbəsi müdiriyyətinə ərizə verir. Maarif şöbəsi onu Sultan Məcid Qənizadənin məktəbinə müəllim təyin edir”. Bu xəbərə A.Şaiqdən də çox anası Mehri xanım sevinirdi. Çünki oğlunu evləndirmək istəyirdi. Elçi gedəcəyi ünvanı dəqiqləşdirən Mehri xanım orada fəxrlə deyəcəydi ki, oğlu şəhər məktəbində “uçitel” işləyir.
A.Şaiq Bakıda anası və qardaşı Yusiflə birlikdə Kərbəlayı Mirzə Yusifin evində kiraişin qalırdılar. Digər kiraişinlərə nisbətən Kərbəlayı Mirzə Yusifin bu ailəyə, xüsusən də savadlı, böyük-kiçik yeri bilən Abdulla Şaiqə hörməti, izzəti vardı. Bunu hiss edən Mehri xanım da Kərbəlayı Mirzə Yusifin qızı Raziyəni Abdulla üçün “gözaltı” etmişdir. Əslində Abdullanın da Raziyadan xoşu gəlirdi. Xasiyyətlərində də çox oxşarlıq var idi. Amma oxumuş qızla ailə qurmaq istəyirdi. Oğlunun niyyətini bilən ana bir gün onu dilə tutur: “Bilirəm, Abdulla, oxumuş qız almaq istəyirsən, oxumuş qızlar odur ceyran arxasında. O qızlar varlı oğlanlarını qoyub sənə gələrmi? Raziyə xanımdan yaxşı qız tapmayacaqsan. Həm yaxşı ailədəndir, həm də xoşxasiyyət, gözəl qızdır. Sən hə de, mən günü sabah ona özüm elçi gedim”.
Sən demə indiki kimi o zaman da evsiz-eşiksiz oğlana qız vermək müşgül məsələ imiş. Amma Abdullanın tərbiyyəsi, savadı, həddən ziya mədəniliyi Kərbalayi Mirzə Yusifi onun elçilərinə hə deməyə məcbur edir. 1906-cı ilin yazında Raziyə Abdullagelə gəlin köçür. “Raziyə xanım savadsız olmasına baxmayaraq son dərəcə tərbiyəli, xoşəxlaq bir gəlin idi. Bütün ailəmiz ondan çox razı idi. Raziyəyə yazıb-oxumağı da öyrədirdim. Dinc və bəxtiyar bir ailə həyatı keçirirdik. Lakin bu bəxyiyarlıq uzun sürmədi. Raziyənin qız vaxtından xəstəliyi var idi. Evləndikdən sonra bu xəstəlik daha da güclənməyə başladı”.
Abdulla Raziyəni bir müddət Bakıda müalicə etdirsə də nəticəsi olmur. “Həkimlərin tapşırığı ilə onu Jeleznovodskiyə apardım. Peterburuqdan gəlmiş məşhur professor Raçinskiyə göstərdim. Professor operasiya etməyi məsləhət gördü. Mən Raziyənin ata-anasına teleqramla məsələni bildirdim. Onlar qəti etraz etdilər, qızı tez evə gətirməyimi yazdılar. Biz təcili olaraq Bakıya qayıtdıq”.
Bakıda Raziyənin vəziyyəti daha da ağırlaşır. Kərbalayi Mirzə Yusif savadsız olduğu kimi, həm də çox inadkar idi. Qızının sağalacağına dua etməklə nail olacağına inanırdı. Abdullanın günlərlə qaynatasını dilə tutması, yalvar-yaxar etməsi, həkimlərin əməliyyatı nəyinki bir gün, heç bir saat belə gecikdirmək olmaz deməsi, axır ki, Kərbalayi Mirzə Yusifin razlığına səbəb oldu. Abdulla Raziyəni Qara şəhər xəstəxanasında əməliyyat etdirsə də həkimin ilk sözü belə olur: “Müəllim çox gecikmisiniz”. Raziyə əməliyyatdan sonra çox az yaşayır. “1911-ci ildə ağır ağrılar içərisində vəfat etdi”.
Xoş sadətini belə tez itirməsi Abdullanı yaman sarsıdır. Dərsdən sonra gününü saatlarla Raziyənin məzar başında kecirir, ürək çırpıntılarını soyuq məzara söylərdi:
Eşq ilə çırpınan könül diyarı
Məni çəkmişdi bir məzara sarı.
Ağlayırdım yanıqlı həsrət ilə,
Dərdləşirdim o nazlı afət ilə,
Söykənib bir yeni məzar daşına.
“Bəxtsiz rəfiqəmə” adlı şeri, “Şair və qadın” sərlövhəli bir pərdəli mənzum pyesi şairin həmin illərdə çəkdiyi açıları əks etdirir. Şair “Bədbəxt ailə” əsərinin ilk səhifəsində yazırdı: “Bu kitabçadan vüsül olan parələr mərhumənin ehsanına olaraq yetim, fəqir şagirdlərə sərf olunacaq”. Gününü yazıb-oxumaqla, pedaqojifəaliyyətlə kecirən şair “bu faciədən sonra uzun müddət evlənmədi”. Sevimli gəlninin ölümünə ağlayıb-sızlayan Mehri ana Abdullanın ilk bəxtinin uğursuzluğu ilə heç çürə barışa bilmirdi. Övladını xoşbəxt görmək istəyilə hər gün Tanrısına dua edən ana sonda buna nail olur. “Anam çox inadkar olmaqla yanaşı həm də zəhmətkeş, şükürlü bir qadın idi. Biz çox məşəqqət ilə keçindiyimiz halda belə anam yenə həyatından məmnun idi. Hər ay maaşımı alıb anama verdiyim zaman o saatlarla Tanrısına dua edərdi. Xalqa xidmət arzusunu, ata-anaya məhəbbəti, zəhməti, qürurlu olmağı anam bizə öyrətdi...”.
1920-ci ildə Dərbənddən Denikin vuruşmalarından qaçqın düşən bir çox ailə Bakıya pənah gətirir. Onların arasında Əhməd bəy Mirzəbəyovun da ailəsi var idi. Onlar Bakıda Yuxarı Dağlıq küçəsi 21 ünvanında yerləşən üç mərtəbəli evin birinci mərtəbəsində məskunlaşırlar. 1916-cı ildə Abdulla anası və qardaşı Yusiflə bu binanın ikinci mərtəbəsinə göçmüşdür. Amma artıq kirayişin kimi yox...
Abdulla bir necə dəfə işdən gələndə, işə gedəndə birinci mərtəbənin həyətində Əhməd bəyin qızı Şahzadə xanımı görür və onunla maraqlanır. Bu maraq kecici olmur. Abdulla anasının razılığı ilə Şahzadə xanımla ailə qurur. Bu dəfə Tanrı ona xoşbəxt bir ailəyə sahib olmağı nəsib edir. Oğlu Kamalın (Azərbaycanın ən görkəmli ədəbiyyatşünas ailimi Kamal Talıbzadə) və nəvələri Ülkərin, Şaiqin dünyaya gəlişi ona ömrü boyu unuda bilməyəcəyi bir xoşbəxtlik bəxş edir. Ailədə olduğu kimi yaradıclıqda, ictimai həyatda da bəxti gətirən Abdullanı 37-nin faciəli günləri də dəyişmir. Yenə də onu tanıyanlar, onunla ünsiyyətdə olanlar bu “mələyə bənzər insan”ın sadəliyinə, xoşxasiyyətinə, saflığına heyran qalır. Doğma əminin, dayının cürrət edib halını sora bilmədiyi “xalq düşmənləri”nin başsız qalan oğul-qızına əmi, dayı olur. (Hüseyn Cavidin qızı Turan Cavidlə olan müsahibələrimdə bu haqda geniş bəhs olunub).
Saysız-heysabsız əsərlərin müəllifi olan, fəxri adlarla, orden və medallarla (Əməkdar elm xadimi, Lenin ordeni, Qrmızı Əmək Bayraqı ordeni və s.) təltif edilən A.Şaiq hətta dəfələrlə (1946-1956) SSRİ Ali Sovetinə deputat da secilib. Amma çox sadə, təm-təraqdan uzaq bir ömür yaşayıb. Bəlkə elə ona görə bu gün də, sabah da, yüz illər sonra da “Şaiqanə yad ediləcək”, xalqının qəlbində yaşayacaq!
Sovet dövrü tədqiqatlarına əsaslansaq, deməliyik ki, Abdulla Şaiq realist ədəbi məktəbin nümayəndəsi kimi təqdim olunur. “Maarifçi realistlərin görkəmli nümayəndələrindən olan Abdulla Şaiq həm şeir, həm də nəsr sahəsində sovet Azərbaycanını tərənnüm edib” və s. bu kimi fikirlər bir daha sübut edir ki, A.Şaiq realist olub. Lakin müasir tədqiqatlarda A.Şaiqin “qüdrətli romantik” olması dönə-dönə vurğulanır. “...Füyuzat” ədəbi məktəbinin üzvləri, eləcə də qüdrətli romantik sənətkar kimi yetişən H.Cavid, A.Şaiq və digərləri... romantik ədəbi məktəbin ən istedadlı yazarlarından oldu”.
Akademik Məmməd Cəfər Cəfərov romantikləri bir neçə qurupa bölərək yazırdı: “...mütərəqqi romantiklər də sənətləri, zövqləri, fərdi üslubları, hətta bir çox hallarda fəlsəfi, siyasi görüşləri etibarı ilə bir-birinə bənzəməmişlər. Onlardan bəziləri (A.Səhhət) eyni zamanda realizmə qüvvətli meyil göstərmiş, romantik əsərlərlə bərabər tənqidi realizim ruhunda da əsərlər yaratmışdır. Bəziləri (A.Şaiq) zaman keçdikcə romantizmdən tamamilə uzaqlaşıb realizm yolunu tutmuşdur. Mütərəqqi romantiklərdən iki sənətkar (M.Hadi və H.Cavid) axıra qədər romantik olaraq qalmışlar”. Onu da əlavə etmək yerinə düşərdi ki, hətta Sovet dövründə belə “füyuzatçı” konsepsiyadan uzaqlaşmayan (H.Cavid, S.Mənsur və s.) yazarlarımız da oldu ki, bu gün onların elmi-bədii irsi yenidən obyektiv tədqiqata cəlb edilməlidir.
Bəzi tədqiqatçılarımız A.Şaiqi yalnız realizmə meyilli olduğunu iddia etsələr də, ədibin yaradıcılığı bir daha sübut edir ki, o, əvvəllər romantik olmuş, əsərlərini də romantik üslubda yazmışdır. Əslində A.Şaiq Sovet dövründə hakim partiyanın romantiklərə qarşı olan mənfi münasibəti nəticəsində romantikadan realizməmeyillənərək hətta romantikləri tənqid də edib: “...irticapərəst ziyalıların təşəbbüsü ilə əvvəlcə “Həyat” qəzeti, sonra “Füyuzat” məcmuəsi nəşrə başladı. Azərbaycan xalqına heç bir xeyri olmayan ziyanlı fikirlər, panislamizm və pantürkizm ideyalarını təbliğ edən füyuzatçılar müəyyən fikir və psixologiyaya malik idilər. Realist yazıçıların yaratdığı əsərlər də gənc nəslin mənəvi saflaşmasına, əqlən təkmilləşməsinə böyük kömək göstərirdi”.
Amma onu da qeyd edək ki, ədib tənqidi fikirləri ilə yanaşı romantiklərin, xüsusən Əli bəyin türk xalqlarının azadlıq və istiqlalı yolundakı mübarizəsini də söyləməyə cəsarət edirdi: “Ə.Hüseynzadə “Füyuzat” jurnalı ilə türk xalqlarının azadlıq və milli istiqlal ideyalarını turançılıq məfkurəsilə şüurlara həkk etdirməyə çalışdığı kimi, həmin ideyaları ədəbi romantik lövhələrdə də açıb göstərməyi vacib bilərək, “Mirzə Fətəlidən başlayaraq davam edən realist ədəbiyyatın qarşısına yeni bir ədəbi cərəyan, romantizm cərəyanını çıxarır. O, bu məcmuə ilə “həmin ədəbi cərəyanın nəzəri-estetik prinsiplərini ortaya qoyur, ədəbiyyatı həm şəkil, həm də mövzu etibarilə zənginləşdirir”.
Bu sətirlər A.Şaiqin “Xatirələrim” əsərindəndir. 1961-ci ildə çap edilən “Xatirələrim”dən də bəlli olur ki, ədib Sovet dövründə bütünlüklə realist ədəbi məktəbinə meyilli olub. Görkəmli yazar bu əsərində şahidi olduğu hadisələrdən, tanıdığı, dostluq etdiyi qələm yoldaşlarının həyatından, amalından bəhs edib.
“Xatirələrim”i oxuduqda aydın olur ki, Abdulla Şaiq sona kimi romantik ədəbi məktəbin nümayəndələri olan Hüseyn Cavid və Məhəmməd Hadi ilə çox yaxın dost olub. “Hadi, məğrur və heç bir qüvvəyə əyilməyən bir şəxsiyyət idi. Azadlığa, sərbəstliyə böyük məhəbbət bəsləyirdi” söyləyən ədib Hadinin həm həyatda, həm də yaradıcılıqdakı uğursuzluqlarını yanlış olaraq belə təsvir edirdi: “Hadi, qabaqcıl ziyalılar ilə oturub-dursaydı, reaalist yazıçılar mühitinə düşsəydi, şübhəsiz dövrünün daha böyük şairlərindən biri olardı. Ancaq Hadi yaradıcılığının lap əvvəllərində “Füyuzat” mühitinə ...düşdü. Böyük istedada, parlaq ilhama malik şair başlıca olaraq düşdüyü mühitin, burjua məfkurəsi təsirlərinin qurbanı oldu. O, müsavat ağalığının hərc-mərclikləri içərisində ...qeyb oldu”.
M.Hadidən fərqli olaraq Hüseyn Cavid haqqında yalnız xoş xatirələrini dilə gətirən A.Şaiq onu “böyük istedad” adlandıraraq yazırdı: “Həyatında eniş-yoxuşlu yollar keçmiş, bir neçə peşədə çalışmış böyük istedada malik olan Hüseyn Cavid Şərq tarixindən bəyəndiyi tarixi mövzuları qələmə alıb”.
...Müşgünaz xanım xatirələrindəA.Şaiqi Cavidin “ən yaxın dostu, sirdaşı” adlandırırdı. 1985-ci ilin payız fəsli idi. BDU-nun Jurnalistika fakültəsində oxuyurdum və dövrü mətbuatda müntəzəm çap olunurdum. Belə günlərin biri, dahi Cavidin qızı Turan Caviddən müsahibə götürdüm. O, dəhşətli günlərdən danışarkən bir neçə dəfə Üzeyir bəylə Abdulla Şaiqin adını minnətdarlıq hissi ilə yad etdi: “O illər qapımızı yalnız Üzeyir bəy və Şaiq əmi açardı. Bizə həm maddi, həm mənəvi dayaq oldular. Bu onların həm özləri, həm də ailələri üçün çox böyük təhlükə demək idi. Çünki onlar “xalq düşməni”nin ailəsinə dəstək olurdu. Bilirsinizmi, bu o zaman üçün nə demək idi?”.
A.Şaiq “Xatirələrim”də “Müsavat” partiyası haqqında fikirlərini daha kəskin bildirərək, hətta tənqid də edirdi: “Müsavat” partiyası demokrat ruhlu ziyalılar arasında nüfuz qazana bilmədi. Hətta onlar bu partiyaya istehza ilə “Nəsib bəyin kontoru” deyirdilər. “Müsavat” partiyası daşnak partiyası və gürcü menşevikləri ilə əlaqə saxlayıb Bakı Sovetinə qarşı ciddi mübarizəyə hazırlaşırdı. Lakin müsavatın bütün ciddi-cəhdləri heç bir nəticə vermədi. 1920-ci il aprel ayının sonlarında Qızıl Ordunun köməyi ilə Azərbaycan zəhmətkeşləri müsavat hökumətini devirib yerində Sovet hökuməti qurdular. Sovet hökuməti Azərbaycan xalqına azadlıq və xoşbəxtlik gətirdi”.
A.Şaiqin “xoşbəxtlik” bəxş etdi dediyi bu “hökumət” xalqımıza 37-ci il dəhşətlərini, 1948-50-ci illər köçünü, 20 yanvar faciəsini və daha nələri bəxş etmədi ki...
Tədqiqat əsərlərindən və xatirələrdən belə bəlli olur ki, Abdulla Şaiq ədəbi mühitə 1905-ci ildə gəlib və mürəkkəb, ziddiyyətli mübarizələrlə zəngin bir dövrdə yazıb-yaradıb. 1905-1907-ci il hadisələri, daha sonra Birinci Dünya müharibəsi, 1917-ci il təzadları və nəhayət Azərbaycanda milli istiqlal uğrunda mübarizənin aparılması və qələbəsi. Söz yox ki, bu zaman Azərbaycanda milli intibahın oyanışına doğru bir mübarizə başlanmışdır. Və bu mübarizənin önündə ilk olaraq “Həyat”çılar və “Füyuzat”çılar gedirdi. Çarizmin milli əsarətinə qarşı başlanan mübarizə “Həyat”dan başlayaraq “Füyuzat”da davam etmişdir. “İlk dəfə “Həyat”da Azərbaycanda milli dövlətçiliyin dərki məsələsi aşılanmışdır”. Elə Abdulla Şaiqin “Azəri türklərinin milli haqlarının aynası” adlandırdığı “Füyuzat” və onun ideologiyasını təbliğ edən yazarlar Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını yaratmaqda müstəsna rol oynamışlar.
Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və onun ideoloji kursunun müəyyənləşməsində mühüm rol oynamış Əli bəy Hüseynzadə və onun ideya davamçılarından H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, A.Sur, S.Hüseyn, Ə.Abid və başqalarının milli istiqlal və milli fikir tariximizdə rolu, yeri danılmazdır.
1915-ci ildən sonra “Füyuzat” ənənələrini daha geniş şəkildə davam etdirən A.Şaiq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qələmə aldığı “Yeni ay doğarkən”, “Vətənin yanıq səsi”, “Türk çələngi”, “Arazdan Turana” adlı əsərlərində ümumtürk tarixinin ortaq mənəvi dəyərlərini, milli dövlət quruculuğu ilə əlaqədar ortaya çıxan problemləri önə çəkirdi. 1918-ci ildə yazdığı “Marş” şerində “Birləşəlim, türk oğlu, bu yol millət yoludur!” deyərək bütün türk dünyasını birliyə səsləyirdi. Hələ 20-ci yüzilliyin əvvəllərində şair “Pöhrələr” şeiri ilə xalqını ümumtürk mədəni-mənəvi birliyinə çağrırdı. Bu çağrışlar bir romantik olaraq 1920-ci ilin sonlarına qədər davam edib.
Şairin romantik üslubda yazdığı bir çox şeirlərinə, xüsusən “Lövheyi-məsumanə”sinə dövrün tanınmış tənqidçisi F.Köçərli yüksək qiymət vermişdi.
Ədəbiyyat tariximizin lirik-romantik şeirlərlə zənginləşməsində A.Şaiqlə yanaşı A.Səhhətin, S.Mənsurun və A.Surun da böyük əməyi olmuşdur. Onu da qeyd edək ki, “Füyuzat”la ədəbi mühitə gətirilən romantik sənət kredosu başda Əli bəy olmaqla əsasən M.Hadi, A.Sur, A.Səhhət, S.Mənsur və məhz A.Şaiqlə milli dəyərlər hesabına daha da təkmilləşdirilmişdi.
Sonda bir faktı qeyd etmək istərdim ki, 20-ci yüzilliyin əvvəllərində təkcə Abdulla Şaiq deyil, Abbas Səhhət, Səməd Mənsur kimi dövrün tanınmış yazarları da həm romantik, həm də realist ədəbi məktəbin nümayəndələri olmuşlar. Ədəbiyyatşünas alim Mir Cəlal Paşayev “Azərbaycanda ədəbi məktəblər” əsərindəyazırdı ki: “Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. Birincisi satira, ikincisi romantika”. Bir-birindən tamamilə fərqli olan satirik və romantik ədəbi məktəblərdə yazıb-yaratmaq doğrudan da böyük istedad sahibi olmaq deməkdir.
Məcburiyyət qarşısında qalaraq romantik ədəbi məktəbdən uzaqlaşan, dövrünün tanınmış yazıçısı, şairi, ədəbiyyatşünası, alim zəkalı, nəcib ruhlu və ən əsası xeyirxah, humanist, xalqını və vətənini dərin məhəbbətlə sevən bir insan olan Abdulla Şaiqin yaradıcılığı bir daha sübut edir ki, o, həm romantik, həm də realist olub.
Ədəbiyyatşünas alim Rafael Hüseynov “Vaxtdan uca” əsərində yazır ki: “Cavid öz şeir dünyasında bir haqq divanı qurmuşdu. Yaxşını və yamanı, düzü və əyrini, ədaləti və zülmü, haqqı və nahaqqı bu tərəziylə çəkirdi”. Amma görünür onun dostu, sirdaşı olan A.Şaiq Sovetlərin dövründə hər şeyi Sovetlərin “haqq dünyası”na uyğun çəkməyə məcbur olduğu üçün dövrünün tələbilə qəlbinin dediklərini dilinə gətirə bilməyib.
BDU-nun professoru Qərənfil Dünyaminqızı
