Abdullahi: ABŞ məğlubiyyətini iqtisadi təzyiqlə kompensasiya etməyə çalışır
ABŞ öz strateji boşluq və məğlubiyyətini yumşaq, koqnitiv müharibə və iqtisadi təzyiqlərlə kompensasiya etməyə çalışır.
Bunu İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi deyib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki,hərbi qarşıdurmada əldə olunmayan nəticəni iqtisadi təzyiqlərlə əldə etmək müəyyən hallarda mümkündür, amma bunun zəmanəti yoxdur:
“Sanksiyalar ölkənin neft gəlirlərini, valyuta daxilolmalarını, idxal imkanlarını və büdcə resurslarını məhdudlaşdıraraq uzunmüddətli təzyiq yarada bilər. Hazırda ABŞ-nin İrana qarşı iqtisadi təzyiqi də məhz bu istiqamətdədir və yeni sanksiyalar İranın neft və petro-kimya gəlirlərini hədəfə alır. Lakin İran nümunəsində iqtisadi təzyiqin siyasi nəticəyə çevrilməsi o qədər də sadə deyil. Sanksiyalar iqtisadiyyata ciddi zərər vura bilər, amma hakimiyyətin güzəştə getməsi üçün kifayət etməyə də bilər. Əksinə, uzunmüddətli sanksiyalar İranı alternativ satış kanallarına, xüsusilə kölgə donanmasına və məhdud sayda əsas alıcılara daha çox yönəldə bilər. Bu baxımdan “iqtisadi cəhətdən zəiflətmək” ilə “siyasi məqsədə nail olmaq” arasında ciddi fərq var. “Reuters”in son qiymətləndirməsinə görə, ABŞ-nin blokadası İranın neft ixracını kəskin azaldıb, lakin bunun Tehranın siyasi mövqeyini dəyişdirəcəyinə dair hələ qəti nəticə yoxdur. Hörmüz boğazındakı vəziyyət isə daha geniş və təhlükəli nəticələr yarada bilər. Bu marşrutdan enerji daşımalarının ciddi hissəsi keçir və gərginliyin artması tanker hərəkətinin azalmasına səbəb olduqda bazar ilk növbədə faktiki çatışmazlıqdan əvvəl risk qiymətini neftə əlavə edir. Hazırda tanker hərəkətinin azalması fonunda Brent nefti 96 dollar ətrafında, son həftələrdə isə təxminən 8 faiz bahalaşıb. Reuters-in məlumatına görə, vəziyyət daha da pisləşərsə, bəzi analitiklər Brentin 120 dollara qədər yüksələ biləcəyini istisna etmirlər”.
Akif Nəsirli həmçinin bunu da qeyd edib ki, burada əsas məsələ boğazın tam bağlanıb-bağlanmamasıdır:
“Gəmiçilik normal davam edirsə, qiymət artımı əsasən geosiyasi riskdən qaynaqlanır və vəziyyət sabitləşdikdə neft yenidən ucuzlaşa bilər. Amma tanker daşımaları uzun müddət ciddi şəkildə məhdudlaşarsa, artıq real təklif şoku yaranar. Bu halda neftlə yanaşı yanacaq, nəqliyyat və nəticədə ərzaq qiymətlərinə də qlobal təzyiq güclənə bilər. Azərbaycan üçün isə vəziyyət ikitərəfli xarakter daşıyır. Neft ixrac edən ölkə kimi yüksək dünya qiymətləri ixrac gəlirlərini və büdcə daxilolmalarını artıra bilər. Lakin eyni zamanda bahalı neft dünya iqtisadiyyatında inflyasiyanı gücləndirərsə, Azərbaycanın idxal etdiyi ərzaq, logistika, avadanlıq və digər məhsullar bahalaşa bilər. Yəni neftin 100–120 dollar səviyyəsinə qalxması Azərbaycan üçün yalnız müsbət hadisə kimi qiymətləndirilməməlidir. Ən böyük risk Hörmüzdə gərginliyin nəzarətdən çıxaraq uzunmüddətli enerji böhranına çevrilməsidir. Bu halda məsələ artıq ABŞ və İran arasındakı siyasi mübarizə çərçivəsindən çıxaraq bütün dünya iqtisadiyyatına təsir edən təklif şokuna çevrilə bilər. Hazırkı vəziyyətdə isə bazarın əsas reaksiyası qeyri-müəyyənlik və risk mükafatının artmasıdır”.
Güllər Gülhüseynova