"ABŞ administrasiyası İsrailin genişlənmə siyasətinə tənqidi mövqe sərgiləsə də,..." - ŞƏRH
Hökumət Maliyyə naziri Bezalel Smotrich, Ədliyyə naziri Yariv Levin və Müdafiə naziri İsrael Katzın 1967-ci ildən bəri ilk dəfə işğal olunmuş Qərb Sahili ərazisində torpaq qeydiyyatı prosedurlarını yenidən açmaq və böyük ərazilərin dövlətin adına “dövlət mülkiyyəti” kimi qeydiyyata alınmasına icazə vermək təklifini təsdiqləyib.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az” saytına açıqlamasında qeyd edib ki, şübhəsiz ki, İsrail hökumətinin Qərb Sahilində torpaq qeydiyyatını bərpa edərək geniş əraziləri “dövlət mülkiyyəti” kimi qeyd etməsi tarixi və siyasi baxımdan ciddi rezonans doğuran bir hadisədir:
“1967‑ci il Müharibəsindən sonra işğal olunan Qərb Sahili ərazilərində belə bir tədbirin icrası uzun müddət dondurulub. Hazırda bu islahat əsasən Maliyyə naziri Bezalel Smotrich, ədliyyə naziri Yariv Levin və müdafiə naziri İsrael Katz tərəfindən irəli sürülüb və hökumət tərəfindən təsdiqlənib. Lakin hər kəsə məlumdur ki, bu addım təkcə inzibati dəyişiklik deyil, onun arxasında dərin siyasi niyyət və geosiyasi strategiya dayanır. Fələstin tərəfi təbii olaraq bu qərarı dərhal kəskin şəkildə pisləyib. Fələstin Milli Hakimiyyəti hesab edir ki, bu tədbir Qərb Sahilinin böyük hissələrinin İsrail faktiki mülkiyyətə keçirilməsi və işğalın “de‑fakto” təsdiqlənməsi kimi çıxış edir. Rəsmilər bu addımı beynəlxalq hüququn açıq pozuntusu hesab edir və bəyan ediblər ki, İsrailin torpaqları dövlət mülkiyyəti kimi qeydiyyata salması yalnız işğal edilmiş ərazilərdə konstitusiya və hüquqi rejimin dəyişdirilməsinə cəhd deyil, həm də Fələstin dövlətinin varlığını və sivil mövcudluğunu ciddi şəkildə təhlükə altına alır. Məlumdur ki, Fələstin Xarici İşlər Nazirliyi bu qərarı qanunsuz adlandırıb və bu tədbirin birbaşa BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsi ilə ziddiyyət təşkil etdiyini qeyd edib. Belə ki, həmin qətnamə işğal olunmuş ərazilərdə hər hansı yeni məskunlaşma və suveren status dəyişikliklərinin qanunsuz olduğunu təsdiqləyir. Fələstin bunu həmçinin Oslo razılaşmalarının ruhuna və beynəlxalq hüququn əsas prinsiplərinə açıq ziddiyyət kimi qiymətləndirir. Beynəlxalq hüquq çərçivəsində isə bu qərar daha geniş müzakirələrə yol açıb. Fələstin və bir çox beynəlxalq hüquq ekspertləri, eləcə də BMT-nin Ali Məhkəməsi 2024-cü ildə bildirib ki, İsrailin Qərb Sahilindəki işğalı qanunsuzdur və bu işğal çərçivəsində bütün qurulan məskunlaşmalar da beynəlxalq hüququn pozuntusu sayılır. Belə bir kontekstdə İsrailin torpaq qeydiyyatını bərpa etməsi hüquq institutları tərəfindən sərt tənqid olunur”.
Politoloq həmçinin bildirib ki, ABŞ və Avropa İttifaqı da bu tədbirlərə müxtəlif reaksiyalar veriblər:
“Vaşinqton rəsmi olaraq İsrailin Qərb Sahilini tam əhatə edən ilhaqını dəstəkləsə də, indiki konkret torpaq qeydiyyatı tədbirinə qarşı çox sərt və kəskin bəyanatla çıxış etməyib. ABŞ administrasiyası İsrailin genişlənmə siyasətinə tənqidi mövqe sərgiləsə də, praqmatik yanaşma nümayiş etdirir. Avropa İttifaqı və digər bir çox Avropa dövlətləri isə daha qətiyyətli mövqe sərgiləyiblər. Aİ bunun “səhv istiqamətə atılmış daha bir addım” olduğunu bəyan edərək xəbərdarlıq edib ki, belə bir tədbir beynəlxalq hüququn normalarına ziddir və İsrailin iki dövlətli həll perspektivini daha da çətinləşdirə bilər. Aİ bəzi hallarda bu cür tədbirlərə qarşı sanksiyaların tətbiq olunacağını və ya ticarət və diplomatik əlaqələrin yenidən nəzərdən keçiriləcəyini istisna etməyib. Bu qərar bölgə ölkələrindən də mənfi hal olaraq qiymətləndirilib. Ərəb dövlətləri, məsələn Qətər, Misir, Səudiyyə Ərəbistanı və İordaniya bu addımı qanunsuz və təhlükəli eskalasiya olaraq dəyərləndiriblər və beynəlxalq ictimaiyyəti İsrailin bu addımlarını dayandırmağa çağırıblar. Belə bir beynəlxalq sülh təşəbbüsləri və iki dövlətli həll istiqamətində yaranmış mövcud diplomatik çərçivələrin çətinliklə üzləşdiyini göstərir. Ümumiləşdirərək deyə bilərəm ki, Qərb Sahilində torpaq qeydiyyat prosesinin yenidən açılması təkcə inzibati dəyişiklik kimi qəbul oluna bilməz. Bu, Fələstin ərazilərinin geosiyasi statusunu dəyişdirmək cəhdidir və beynəlxalq hüquq ilə ziddiyyət təşkil edir”.
Cavahir Əsgərbəyli
