ABŞ Bakıya hərbi texnika göndərir
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 2022-ci ildən bəri davam edir və regionda təhlükəsizlik tarazlığını sarsıdıb. ABŞ-nin Bakıya hərbi texnika göndərməsi isə strateji əhəmiyyət daşıyır. Bu addım həm regionda hərbi balansın qorunmasına, həm də Azərbaycanın müdafiə imkanlarının gücləndirilməsinə yönəlib. Ekspertlər hesab edir ki, bu hərbi dəstək həm Rusiyanın təzyiqinə cavab, həm də Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir mərhələdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, bu hərbi texnika hər hansı bir ölkəyə hücum etmək və ya konkret bir dövləti müdafiə etmək üçün kifayət edəcək miqyasda deyil:
"Bu, daha çox simvolik əhəmiyyət daşıyan bir addımdır. Eynilə strateji əməkdaşlıq müqavilələri və göstərilən hərbi yardımlar kimi, bu təşəbbüs də əsasən siyasi və strateji mesaj xarakteri daşıyır.
Bu addım ABŞ ilə Azərbaycan arasında birbaşa hərbi əməkdaşlığın və qarşılıqlı dəstəyin mövcud olduğunu nümayiş etdirir. Verilən dəstək açıq şəkildə göstərir ki, Azərbaycana qarşı mümkün təhdid və ya təzyiq ssenarilərində ölkəmiz tək deyil. Xüsusilə regionda Ermənistan və Rusiya kimi aktorların mövcudluğu fonunda bu cür əməkdaşlıq potensial təxribat və ya hərbi risklərə qarşı çəkindirici faktor rolunu oynayır. Eyni zamanda bu əməkdaşlıq Azərbaycanın strateji mövqeyinin gücləndiyini göstərir. Ölkənin beynəlxalq münasibətlər sistemində daha möhkəm yer tutduğunu, regional və qlobal tərəfdaşlarla əlaqələrinin dərinləşdiyini nümayiş etdirir. Bütün bunlar göstərir ki, məsələ təkcə texnika ilə bağlı deyil. Burada əsas məqam siyasi mesaj, strateji tərəfdaşlıq və regional balansın qorunmasıdır".
Gövhər Mehyəddinova
