ABŞ-Çin rəqabəti dərinləşir: Vaşinqtonun Pekinə silah qadağası nə vəd edir?
ABŞ-nin Çinə silah satmağı planlaşdırmaması iki ölkə arasında davam edən qlobal rəqabəti yenidən gündəmə gətirib. Onlar arasındakı rəqabət son illərdə iqtisadi, texnoloji, hərbi və geosiyasi müstəvilərdə daha da dərinləşib. Vaşinqtonun Pekinə münasibətdə sərt mövqeyi, Çinin isə öz müdafiə sənayesini inkişaf etdirməsi bu rəqabətin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, ABŞ-nin Çinə silah satmaması Vaşinqtonun əsas qlobal rəqib kimi Pekini görməsi ilə bağlıdır:
“Amerikanın Çinə silah satmaması əslində qlobal müstəvidəki əsas rəqibinin məhz Çin olaraq görməsindən irəli gəlir. Amerika zaman-zaman Rusiya ilə mübarizə apardığını bəyan etsə də, əslində Amerikanın əsas qlobal rəqibi məhz Çindir. Çünki Çinin güclənməsi Amerikanın supergüc mövqeyini zəiflədən və yaxud bu mövqeyə risklər yaradan amildir. Təbii ki, bu kontekstdə, bu rəqabətdə Amerikanın Çinə silah satmaması təbii qarşılanıla bilər. Hazırkı məqamda Çin özü də Amerika silahlarının alınmasında o qədər də maraqlı deyil, daha çox öz müdafiə sənayesini inkişaf etdirməkdə maraqlıdır. Əvvəlki dövrlərlə müqayisədə Çinin mövcud müdafiə sənayesinə baxdıqda, onun kifayət qədər inkişaf etdiyini görürük. Çin silah və hərbi güc baxımından da Amerikaya kifayət qədər yaxınlaşıb”.
Asif Nərimanlı əlavə edib ki, ABŞ və Çin arasındakı rəqabət artıq yalnız hərbi sahə ilə məhdudlaşmır və qlobal güc balansına təsir göstərir:
“Fikrimcə, bu rəqabət artıq yeni dünyanın əsas təyinedici amili olacaq. Xüsusən SSRİ-nin dağılmasından sonra dünyada əsasən təkqütblü bir sistem formalaşmışdı. Amerikanın əsas güc olduğu bir beynəlxalq münasibətlər sistemi var idi. Çinin yüksəlişi ilə bu beynəlxalq münasibətlər sistemində yeni dəyişikliklər baş verir və hazırkı məqamda tərəflər təbii ki, maksimum dərəcədə qarşıdurmadan çəkinirlər. Çünki belə iki güc arasında baş verəcək qarşıdurma qlobal fəlakətlərə səbəb ola bilər”.
Siyasi şərhçinin sözlərinə görə, Pekin son illərdə öz müdafiə sənayesini inkişaf etdirməklə yanaşı, silah bazarında da mövqelərini gücləndirib:
“Çin daha çox öz müdafiə sənayesini genişləndirmək və silah bazarında mövqelərini gücləndirməyə çalışır. Son illərə baxdıqda, xüsusən Asiya bölgəsində, o cümlədən Sakit okean regionunda, silah bazarında Çinin mövqelərinin gücləndiyini görürük. Pakistan özü böyük ölçüdə Çinin silahlarını alır. Yəni Çin artıq silah bazarında da yeni bir güc olaraq ortaya çıxıb”.
Asif Nərimanlı ABŞ və Çin rəqabətinin müxtəlif regionlarda özünü göstərdiyini də vurğulayıb:
“Təbii ki, bu rəqabət tək bir Asiya-Sakit okean regionunda görünmür. Bu rəqabət ümumilikdə qlobal təhlükəsizlikdə ciddi risklər yaradır. Çünki artıq iki gücün mübarizəsində müxtəlif regionlar bu mübarizənin ortasında qalırlar. Nəzərə almaq lazımdır ki, Amerika və Çin arasındakı qarşıdurma arxa fonda davam edir. Bu qarşıdurma birbaşa Amerika və Çində deyil, müxtəlif regionlarda davam edir. Böyük ehtimalla, biz bu rəqabətin davam etdiyini görəcəyik. Amma bu rəqabətin qaynar xətt mərhələsinə keçməsi, yəni birbaşa toqquşmanın olması ehtimalı zəifdir. Bu məsələdə hər iki tərəfin öz maraqları var. Ona görə də hər iki ölkənin qlobal güc balansını öz xeyrinə dəyişmək üçün müxtəlif regionlarda mübarizə aparacağı gözlənilir”.
Gülnar Mustafayeva