Çinin İran və Ukrayna məsələlərində ehtiyatlı mövqeyi yeni geosiyasi imkanlar yaradır
Çinin İran və Ukrayna ətrafında baş verən proseslərdə mərkəzi rol almaqdan çəkinməsi beynəlxalq münasibətlərdə digər güc mərkəzlərinin diplomatik təşəbbüslərini ön plana çıxara bilər. Pekinin bu mövqeyi ABŞ və Qərblə münasibətlərdə əlavə gərginlikdən yayınmaq, eyni zamanda Rusiya və İranla əməkdaşlığı davam etdirmək maraqları ilə bağlıdır. Çin bir tərəfdən regional proseslərdə təsir imkanlarını qorumağa, digər tərəfdən isə beynəlxalq iqtisadi maraqlarını və enerji təhlükəsizliyini riskə atmamağa çalışır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Çinin hazırkı yanaşması, ilk növbədə, ABŞ və Qərblə münasibətlərdə əlavə gərginliyin yaranmasının qarşısını almağa xidmət edir:
"Pekin Rusiya və İranla əməkdaşlığını davam etdirmək istəyir. Lakin bu ölkələrlə münasibətlərin qorunması beynəlxalq iqtisadi maraqların və enerji təhlükəsizliyinin risk altına düşməsi hesabına baş verməməlidir. Bu baxımdan Çin münaqişələrdə birbaşa iştirakçı və ya əsas vasitəçi mövqeyinə keçməkdənsə, mövcud tərəfdaşlıqlarını və beynəlxalq mövqeyini balanslaşdırmağa üstünlük verir".
Siyasi şərhçinin qənaətinə görə, Çinin birbaşa vasitəçilikdən çəkinməsi diplomatik təşəbbüslər üçün digər güclərə imkan yaradır. Bu baxımdan ABŞ, Avropa İttifaqı, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi aktorların proseslərdə rolu arta bilər. Bununla belə, əsas məsələ yalnız vasitəçi kimi çıxış etmək deyil, münaqişə tərəflərinin etimadını qazanmaq və əldə olunan razılaşmaların icrasına töhfə verməkdir.
Z.Əmrəliyev hesab edir ki, Çinin proseslərdə geri planda qalması beynəlxalq münasibətlərdə müxtəlif güc mərkəzlərinin paralel diplomatik təşəbbüslərini ön plana çıxarır. Bu isə beynəlxalq sistemdə təkqütblü yanaşmadan daha çox, bir neçə güc mərkəzinin eyni vaxtda təsir göstərdiyi siyasi mühitin formalaşmasına şərait yaradır.
Fatimə Hüseynova