00:00:00
Yazar
Admin User
09.02.2026 15:07 46 3 dəq oxuma
Siyasət

“ABŞ Cənubi Qafqazda təsirini artırmaq istəyir”

“ABŞ Cənubi Qafqazda təsirini artırmaq istəyir”

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin 9-11 fevral tarixlərində Ermənistan və Azərbaycana planlaşdırılan səfəri Cənubi Qafqazda sülh prosesinin gələcəyi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. ABŞ Dövlət Departamentinin məlumatına görə, səfər çərçivəsində dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də Vensə qoşulacaq.


Mövzu ilə əlaqədar olaraq politoloq Ramiyə Mamedova bildirib ki, Amerikanın Cənubi Qafqazda maraqları bəllidir:


“Ümumiyyətlə, Amerikanın bugünkü maraqları birqütblü dünyanı yenidən bərqərar etmək və regionda öz gücünü daha da artırmaqdan ibarətdir. Bu gün Amerikanın və Tramp hakimiyyətinin yürütdüyü siyasət də məhz bundan qaynaqlanır. Son zamanlar Trampın verdiyi bəyanatlardan görünür ki, tez-tez “müharibələri bitirmişəm” desə də, bu iddialar faktlara əsaslanmır. Əslində, Azərbaycan–Ermənistan müharibəsində müharibəni məhz Azərbaycan bitirib. Bu gün ən böyük münaqişə Ukrayna–Rusiya cəbhəsində davam edir və Tramp bu məsələdə nəticə əldə edə bilməyib. Digər tərəfdən, Qəzza müharibəsi də hələ də davam edir və Tramp bu istiqamətdə də hər hansı real addım ata bilməyib. Qəzza münaqişə zonası olaraq qalır və Tramp ən böyük münaqişələrdə təsirli mövqe sərgiləyə bilmir. Digər tərəfdən, Amerika bu gün Cənubi Qafqazda birbaşa mövcud deyil. Ümumiyyətlə, Amerika dünyada nadir metallar, yeni enerji və gəlir mənbələri axtarışı ilə məşğuldur. Logistika, nadir metallar və neft-qaz sahələri Amerikanın əsas maraq dairəsinə daxildir və bu baxımdan Latın Amerikası, Qafqaz və digər regionlarda fəal siyasət aparır. Cənubi Qafqaza gəldikdə isə, 8 avqustdan sonra Amerikadakı vəziyyət Azərbaycan, Ermənistan və Rusiya ilə bağlı baxışların dəyişməsinə səbəb olub. Amerika bu gün hesab edir ki, müharibənin bitirilməsində əsas rol onlara məxsusdur. Halbuki Azərbaycan bu müharibəni artıq başa çatdırıb və hazırda yalnız razılaşmaların paraflanması və icrası prosesi gedir”.


Həmçinin politoloq qeyd edib ki, Amerikanın Cənubi Qafqazda maraqları müxtəlifdir:


“Bu maraqların başında logistika layihələri, neft-qaz və digər yeraltı sərvətlər dayanır. Eyni zamanda, regionda Rusiya və Çinin təsirinin azaldılması, bu ölkələr vasitəsilə qoyulan investisiyaların zəiflədilməsi də Amerikanın əsas məqsədlərindəndir. TRIP layihəsində Amerikanın aparıcı rolu öz üzərinə götürməsi də bu strategiyanın tərkib hissəsidir. ABŞ bu koridora nəzarət etməklə Rusiyanın regiondakı gücünü azaltmaq və eyni zamanda İran üzərində nəzarət imkanlarını genişləndirmək niyyətindədir. ABŞ Türkiyə üzərində də təsir imkanlarını qorumağa çalışır. Yaxın Şərqdən müəyyən qədər geri çəkilən Amerika Cənubi Qafqazda möhkəmlənərək bu regiona öz maraqları çərçivəsində nəzarət etmək istəyir. Bu baxımdan Vin Wensin Ermənistan və Azərbaycana səfərləri də məhz bu strategiya ilə əlaqələndirilir. Lakin bu strategiyanın gələcəkdə hansı nəticələr doğuracağı hələlik açıq qalır”.

 

Politoloqun fikrincə, Amerika üçün Azərbaycan, Ermənistan və Gürcüstan Cənubi Qafqaz dövlətləri kimi strateji əhəmiyyət daşıyır:

 

“Xüsusilə Azərbaycan güclü dövlət kimi həm Amerika, həm Rusiya, həm də Çin təsirindən kənarda qalmaq üçün balanslı siyasət yürütməyə çalışır. Bununla belə, Cənubi Qafqaz ölkələri üçüncü böyük güclərin regionda dominant mövqeyə sahib olmasına imkan verməməyə çalışırlar. Amerikanın Cənubi Qafqazda güclü mövcudluğu məqbul hesab edilmir, çünki istər Rusiya, istər Amerika, istərsə də digər böyük güclərin regionda üstünlük qazanması gələcəkdə yeni problemlərə yol aça bilər. Sülh prosesinə gəldikdə isə, proses öz axarı ilə davam edir və əsas məsələ üçüncü tərəflərin bəyanatları deyil, Ermənistanın atacağı real addımlardır. Ermənistanın baş naziri konstitusiyaya dəyişikliklərin ediləcəyini açıqlayıb və bu istiqamətdə hazırlıq işləri aparılır. Buna görə də Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin geniş şəkildə cəlb olunmasına ehtiyac yoxdur, çünki proses mərhələli şəkildə irəliləyir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər