ABŞ-də “Green Card” lotereyasının dayandırılması müzakirələri
ABŞ-də “Green Card” (Diversity Visa) lotereyasının mümkün dayandırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə təhlükəsizlik arqumentləri əsasında irəli sürülən bu təşəbbüs ölkənin miqrasiya siyasətinin gələcək konturlarına dair geniş debatlara yol açıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin miqrasiya siyasəti obyektiv və təbii ehtiyaclar üzərində formalaşır. Ölkənin demoqrafik və iqtisadi imkanları miqrant axınını zəruri edir:
“ABŞ-nin ərazisi çox böyükdür və bu ərazidə hazırkı əhalidən təxminən üç dəfə artıq insan yaşaya bilər. ABŞ davamlı şəkildə işçi qüvvəsinə ehtiyacı olan bir ölkədir. Sənaye böyüyür, xərclər artır, xammala ehtiyac var. Bu baxımdan ABŞ-nin miqrantlara ehtiyacı qaçılmazdır. Donald Trampın ‘Green Card’ proqramının ləğvi ilə bağlı qərar verməyə çalışması məlumdur, amma bunun praktik olaraq həyata keçməsi bir qədər şübhəlidir”.
Onun sözlərinə görə, proqram çərçivəsində ABŞ-yə yalnız inkişaf etməkdə olan ölkələrdən deyil, eyni zamanda ixtisaslaşmış kadrlar da cəlb olunur:
“Green Card vasitəsilə ABŞ-yə təkcə üçüncü dünya ölkələrindən insanlar yox, eyni zamanda yüksək ixtisaslı kadrlar gəlir. Bu şəxslərin bir qismi öz ölkələrində potensialına uyğun dəyərləndirilməyən və ya siyasi səbəblərə görə fəaliyyət imkanları məhdud olan insanlardır. ABŞ onların həm zehni potensialından, həm əmək qabiliyyətindən, həm də siyasi təsir imkanlarından istifadə edir. Bu səbəbdən belə bir şəraitdə ‘Green Card’ın ləğvi ABŞ-yə xeyirdən çox zərər gətirə bilər. ABŞ-də miqrantların seçimi daha da sərtləşdiriləcək. Xüsusilə üçüncü dünya ölkələrindən gələn miqrantlarla bağlı təhlükəsizlik narahatlıqları var. Məqsəd ABŞ-yə daha ixtisaslı və daha keyfiyyətli miqrantların gəlməsini təmin etməkdir”.
Fatimə Hüseynli
