ABŞ-da şiddətli yağışlar və fırtına 43 nəfərin ölümünə səbəb olub
ABŞ-ın cənub əyalətlərindən sonra mərkəz və şimal hissələrində həyatı iflic edən pis hava insan ölümlərinə səbəb olub.
İnformator xarici KİV-ə istinadən xəbər verir ki, Təcili yardım idarəçiliyi agentliyinin rəsmilərinin verdiyi açıqlamaya görə, qar və yağışın səbəb olduğu sel və fırtına nəticəsində bir həftə ərzində ölkədə 43 nəfər həyatını itirib.
Missuri ştatında ölümlərə sel və daşqınlar səbəb olduğu halda, Alburquerque şəhərində pis hava şəraitinə görə, 180-ə yaxın avtomobil qəzası baş verib. Texasda 50 min, Nyu-Mexikoda isə 10 min insan elektrik enerjisiz qalıb.
Texas, Oklahoma, Missuri və Nyu-Mexikoda fövqəladə vəziyyət elan edilməsinə səbəb olan pis hava şəraiti mindən çox ev və iş yerinə ziyan vurub. Texasın şimalında yaşanan böyük dağıntı səbəbi ilə ştatın 4 əyalətində “fəlakət bölgəsi” elan edilib.
ABŞ-ın cənub və mərkəz hissələrində hava şəraitinin həyatı iflic etməsinin əksinə şərqdə rekord dərəcədə istilik müşahidə edilir. Son 50 ilin ən yüksək göstərici müşahidə edilib, havanın temperaturu 23 dərəcəyə çatıb. Floridanın Orlando şəhərində 1921-ci ildən sonra ilk dəfə 30 dərəcə istilik müşahidə edilib. Nyu-Yorkda temperatur 22 dərəcəyə çatıb.
