00:00:00
Yazar
Admin User
15.01.2026 15:16 90 4 dəq oxuma
Siyasət

ABŞ-dən Türkiyə açıqlaması

ABŞ-dən Türkiyə açıqlaması

ABŞ Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Türkiyə xarici işlər naziri Hakan Fidan haqqında “X” hesabında yazıb.

 

Səfir qeyd edib ki, ABŞ Türkiyə ilə ortaq problemlərin və xüsusilə Suriyadakı vəziyyətlə bağlı birgə işləməyə davam edəcək.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”ın suallarını cavablandırıb:

 

“ABŞ–Türkiyə tərəfdaşlığı hazırda Suriyada hər iki tərəfin maraqlarının təmin edilməsinə və bunun fonunda Suriyanın öz təhlükəsizliyinin qorunmasına yönəlib. Hazırkı mərhələdə Suriya hakimiyyətinin Türkiyə ilə münasibətlərinin yaxşı olması, eyni zamanda yeni dönəmdə ABŞ ilə əlaqələri normallaşdırmağa çalışması imkan yaradır ki, Suriyada formalaşacaq yeni düzənin əsas xarici qurucuları kimi Türkiyə və ABŞ ön plana çıxsın.

 

Əgər Bass rejimi dövründə, Əsəd hakimiyyəti illərində İran və Rusiya kimi ölkələrin Suriyaya yaxınlığı açıq şəkildə müşahidə olunurdusa və bu dövlətlərin təsiri qabarıq şəkildə hiss edilirdisə, Bass rejiminin devrilməsindən və Suriyada yeni hakimiyyətin bərqərar olmasından sonra, bu təsir əsasən Türkiyə və ABŞ müstəvisində özünü göstərməkdədir. Yəni artıq Suriyada əsas xarici faktorlar dedikdə, ilk olaraq Türkiyə və ABŞ ağla gəlir.

 

İsrail də bu faktorlardan biri ola bilərdi, lakin İsrailin yeni hakimiyyətin ilk günlərində ona qarşı atdığı addımlar faktiki olaraq onu bu siyahıdan kənarda saxlamış olub. Bu baxımdan bu gün Suriyada ABŞ və Türkiyə əməkdaşlığı, yaxud koordinasiyası — biz buna tərəfdaşlıq koordinasiyası da deyə bilərik. Hər iki dövlət regiondakı maraqlarını müəyyən qədər qoruya bilsin və Suriyanın təhlükəsizliyi də bu birgə koordinasiya çərçivəsində təmin edilsin. Ancaq bu, nə dərəcədə mümkün olacaq? Mənə elə gəlir ki, Tramp administrasiyasının bütün dünyaya meydan oxuduğu bir reallıq fonunda, bu olduqca çətindir.

 

Çünki Türkiyənin bölgədə minillik bir reallığı, minillik bir mirası var. Min illər boyunca bu ərazilər Anadolu türklərinin idarəçiliyi və ədaləti altında inkişaf edib, insanlar burada yaşayıb. ABŞ isə bölgə üçün nisbətən yeni aktordur və imperial xarakterli yanaşmadan çıxış edir, yalnız öz maraqlarını müdafiə edir. Bu da təbii olaraq nizamlanma prosesinə mənfi təsir göstərir, hətta demək olar ki, bu prosesi gecikdirən və əngəlləyən əsas səbəblərdən birinə çevrilir”. 

 

ABŞ-nin Türkiyə ilə birgə işləmək mesajı regionda təhlükəsizlik siyasətinə necə təsir göstərə bilər?

 

H.Səhrablı qeyd olunan suallla bağlı bildirib ki, ABŞ bütün regionlarda demək olar ki, hər kəsə eyni mesajı verir:

 

 “Biz birlikdə işləmək istəyirik, birlikdə yeni düzən quracağıq, sabitlik yaradacağıq” və s. 

 

Lakin diqqət yetirsək görərik ki, Amerikanın daxil olduğu heç bir regionda bu günə qədər normal və dayanıqlı düzən formalaşmayıb. Yaxın Şərqdə bunun xüsusilə fərqli və acı nümunələri var: İraq, indiki Suriya, Ərəb baharından sonra xarabalığa çevrilmiş Liviya, eləcə də ciddi sarsıntılar yaşayan digər Ərəb baharı ölkələri. Bir qədər uzaqda Əfqanistan nümunəsi var, daha geriyə getsək, Vyetnam nümunəsini də xatırlamaq olar. Bu siyahını uzatmaq mümkündür.

 

Bu səbəbdən hesab edirəm ki, ABŞ-nin Türkiyə ilə bağlı verdiyi bu açıqlama əslində sabitləşmə niyyətindən və ya səmimi tərəfdaşlıq mövqeyindən daha çox, siyasi xarakter daşıyır və regionda öz mövcudluğunu, üstünlüyünü qoruyub saxlamaq məqsədi güdür.

 

Çünki ABŞ-nin xarici siyasətində problemlər artdıqca, onun Yaxın Şərqdəki mövqeləri də ciddi şəkildə sual altına düşə bilər. İranla qarşıdurmada proseslər mövcud İran hakimiyyətinin xeyrinə nəticələnsə və ya Türkiyə Suriyada açıq və birmənalı üstünlük əldə etsə, bu halda ABŞ Yaxın Şərqdə olduqca çətin vəziyyətə düşəcək. Bu baxımdan sözügedən açıqlamalar gələcək risklərə qarşı indidən atılan bir siyasi manevr, bir növ “sığorta” xarakteri daşıyır.

 

Təbii ki, bu addımlar saf niyyətlərdən doğmur. ABŞ əlinə ilk fürsət düşən kimi, təkcə Türkiyəyə yox, “tərəfdaş” adı altında nüfuz mübarizəsi apardığı bütün ölkələrə zərbə endirməyə çalışacaq. Türkiyə də bunu yaxşı anlayır və xarici siyasətini məhz bu reallığa uyğun şəkildə formalaşdırır”. 

 

Müsahibimiz ABŞ-nin Azərbaycan–Türkiyə münasibətlərinə ciddi təsir etməyəcəyini qeyd edib:

 

“ABŞ hazırda Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışsa da, bu cəhdlər hələlik nəticə verməyib.

 

 Yəni ABŞ qlobal güc olsa da, Cənubi Qafqazda ən azı Türkiyə, Rusiya və İran qədər aktiv və təsirli oyunçuya çevrilə bilməyib. Buna görə də Azərbaycan–Türkiyə münasibətləri ABŞ-nin mövqeyindən və ya Türkiyə–ABŞ əlaqələrinin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq, vahid xətt üzrə - Azərbaycan–Türkiyə müttəfiqliyi formatında indiyə qədər necə davam edibsə, bundan sonra da eyni şəkildə davam və inkişaf edəcək”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər