ABŞ-Gürcüstan xəttində yeni təmas: Qafqazda təhlükəsizlik gündəmdə
ABŞ dövlət katibi ilə Gürcüstanın Baş naziri arasında baş tutan telefon danışığında region üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. Tərəflər xüsusilə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparıblar. Danışıq iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri baxımından da diqqət çəkir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əli Oruclu bildirib ki, Gürcüstanda keçirilən son parlament və bələdiyyə seçkilərindən sonra Tiflislə Qərb arasında münasibətlərdə soyuqluq yaranıb:
“ABŞ Qərbin mövqeyi dəstəkləyib. Vaşinqton və Brüsselin Gürcüstan hakimiyyətinə təzyiqləri intensivləşib. Hətta sanksiyaların tətbiqi gündəmə gətirilib. Birləşmiş Ştatlar və Aİ hakim "Gürcü Arzusu" partiyasını Kremlin təsiri altında olduğunu və onun yaradıcısı B. İvanişivilini isə Rusiyanın adamı kimi qəbul edir. Bir zamanlar Cənubi Qafqazın siyasi mərkəzi və demokratik cəmiyyət etalonu kimi təqdim edilən Gürcüstana avtoritar meyilli rejim kimi yanaşılıb. ABŞ vitse-prezidenti DJ Vensin Ermənistana və Azərbaycana 3 günlük rəsmi səfəri Gürcüstan iqtidarına şok effekti verib. Çünki Tiflisin artıq Qərb və ABŞ üçün yadlaşdığını
yəqinləşdirib. ABŞ dövlət Katibi Rubionun Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə zəngi sərinliyin aradan qaldırılması üçün müsbət cəhddir. Amma bu əlaqələrin tam bərpa edilməsi demək deyil. İlk növbədə Tiflisi özünü doğrultmalı və məsuliyyətini anlamalıdır. Aydındır ki, son dövrlər Birləşmiş Ştatların regiona maraqları artıb. Vaşinqton Rusiyanın hegomonluğuna son qoymaq istiqamətində praktik addımlar atır. TRİPP yolu, Zəngəzur dəhlizinin açılması, Ermənistan Azərbaycan münasibətlərinin normallaşması kimi vacib məsələlərin həllinə çalışılması regionla bağlı Ağ Evin yeni strategiyasının tərkib hissəsidir. Mübaliğəsiz deməliyəm ki, Cənubi Qafqazın sülh və təhlükəsizliyi, inkişafı və perspektivi birbaşa Azərbaycandan asılıdır. Bununla belə İran müharibəsi ABŞ üçün Cənubi Qafqazın önəmini daha da artır. Ona görə də ABŞ Dövlət Katibi ilə Gürcüstanın baş naziri arasında telefon danışıqları növbəti etap üçün münbit zəmin hazırlayır. Düşünürəm ki, ABŞ və onun qərbli müttəfiqlərinin bundan sonra Gürcüstan hakimiyyətinə mövqeyi yumşaltmağa doğru gedəcək”.
Banuçiçək Məmmədova