ABŞ Hörmüz boğazından humanitar yüklü gəmilərin keçidinə icazə verib
ABŞ ordusu İran ətrafında davam edən dəniz blokadası fonunda humanitar məqsəd daşıyan 15 gəminin Hörmüz boğazından keçməsinə icazə verib.
Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı – CENTCOM bildirib ki, son dörd həftə ərzində İran limanlarına daxil olan və çıxan gəmilərə nəzarət gücləndirilib. Bu müddətdə ABŞ qüvvələri 67 ticarət gəmisinin marşrutunu dəyişdirib, 15 humanitar yardım gəmisinin keçidinə şərait yaradıb və 4 gəmini hərəkətsiz vəziyyətə gətirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, blokadalar müharibələrin elementi sayılır:
"Yəni blokadalar müharibənin davamıdır, onun başqa bir formasıdır. Müharibələrin hüququ, müharibələrin humanitar, beynəlxalq hüquqa görə müharibələrin humanitar prinsipləri olduğu kimi, blokadanın da humanitar prinsipləri var. Yəni blokadaların həyata keçirilməsi hələ orda humanitar prinsiplərə əməl edilməsini istisna etmir. Əksinə bütün blokadalarda müharibələr də humanitar prinsiplərə əməl edilməsini beynəlxalq hüquqa görə vacib norma kimi qəbul edir. Bu mənada, Amerikanın İran körfəzində, Oman körfəzində tətbiq etdiyi blokadanın, blokadada humanitar gəmilərin buraxılması hələ özlüyündə Amerikanın blokada rejiminin yumşaldılması kimi qəbul edilə bilməz. Əksinə, bu blokadanın bütün dünyada beynəlxalq hüquqla qəbul olunan bir normasıdır. Əgər əksinə Amerika humanitar gəmilərin də burda keçidinə maneçilik törədən olsaydı, bu əsl müharibə cinayəti kimi ittiham olunmalı idi. Amma orada söhbət ancaq hərbi gəmilərin saxlanması, humanitar gəmilərin buraxılmasından gedir".
Müsahib bildirib ki, dənizdə, okeanda gərginliyin artması, bəli, bu dünyanın enerji təminatında çox ciddi mənfi təsirlərini göstərir və Hörmüz boğazının dəniz blokadasının davam etməsi dünya enerji bazarına hələ bundan sonra da daha pis təsir göstərməkdə davam edəcək:
"Çünki burada söhbət dünya enerji bazarının azı 20% qədərinin keçdiyi bir bölgədən gedir və buna görə də, Hörmüz boğazının bağlanması, dəniz blokadasının davamiyyəti bundan sonra da davam etdikcə, xüsusilə də, Cənub-Şərqi Asiyanın bəzi ölkələrinin, Avropa ölkələrinin enerji təchizatı xeyli dərəcədə pisləşəcək. Bundan başqa, Körfəz ölkələrinin iqtisadiyyatı çox ciddi ziyanlar görəcək. Ona görə ki, demək olar bütün körfəz ölkələrinin iqtisadiyyatı enerji ixracı üzərində dayanıb. Enerji ixracı isə zəiflədikcə, təbii ki, bu ölkələrin iqtisadiyyatına böyük zərbə dəyir. Məsəl üçün rəqəmlərlə ifadə etsək, müharibədən qabaq körfəzin ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanın neft ixracatı 10 milyon tondan 5-6 milyon tona düşüb. Ərəb əmirliklərinin ixracatı, ümumiyyətlə, sıfıra düşüb, İranın özünün ixracatı xeyli dərəcədə zəifləyib. Buna görə də, Hörmüz boğazında blokadanın davam etməsi dünyanın enerji təminatında öz mənfi rolunu oynamaqda davam edəcək. Burada ancaq bir məsələ var ki, Trampın Çinə səfərindən sonra, bu səfərin nəticələrindən asılı olaraq, Hörmüz boğazında və Oman körfəzindəki blokada ilə bağlı yeni vəziyyət əmələ gələ bilər. Ona görə ki, Hörmüz boğazının və Oman körfəzinin blokadası başqa ölkələrlə bərabər Çinin iqtisadiyyatına çox ciddi zərbə vurur. Çünki İran neftinin demək olar 90%-nin alıcısı məhz Çindir. Hansı ki, Çinin belə bir enerji münbəyinə məhrum olması onun iqtisadiyyatına ciddi təsir göstərməyə bilməz. Ona görə də Trampla Çin liderinin danışıqlarında güman ki, önəmli mövzuların sırasında İran məsələsi birinci yerdədir və burada da əsas məsələ enerji daşıyıcılarının ixracının əvvəlki formasına qayıtmasıdır. İndi hansı razılaşma əldə olunacaq bunu Pekindəki görüşün nəticələri göstərəcək".
Aişə Mustafayeva