"ABŞ ilə koordinasiya xüsusi əhəmiyyət daşıyır"
İsrail ABŞ ilə İran arasında mümkün razılaşmanın Tehranın ballistik raket proqramından tam imtinasını əhatə etməli olduğunu düşünür və İran bu şərtlə razılaşmadığı halda təkbaşına hərəkət edərək hərbi zərbə endirməyə hazırdır.
Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu bildirib ki, İranın danışıqlarda aqressiv və güzəştsiz mövqeyi İsraili narahat edir:
“İranın ballistik raketlərini və hərbi gücüni İsrail birbaşa təhdid kimi qiymətləndirir və bu narahatlıq tamamilə realdır. İranın hərbi potensialı ABŞ üçün birbaşa təhlükə yaratmasa da, İsrail üçün vəziyyət fərqlidir. İranın ABŞ ərazisini hədəfə ala biləcək imkanları yoxdur. Amma İsrail üçün bu hərbi potensial praqmatik və ciddi təhlükə hesab olunur. İsrail bu təhlükəni vaxt faktoru ilə qiymətləndirir. İran bir qədər də güclənsə, İsrail bu gücü özü üçün daha böyük təhdid sayacaq. Buna görə də İsrail 'indi və ya heç vaxt’ məntiqi ilə hərəkət edə bilər”.
Hikmət Babaoğlu vurğulayıb ki, İsrailin İrana qarşı təkbaşına müharibəyə başlaması arzuolunan ssenari deyil:
“İsrail-İran müharibəsi regional miqyasda lokal görünə bilər, amma bu, İsrail üçün istənilən variant deyil. Çünki hər bir ölkənin hərbi və müdafiə imkanları məhduddur. ABŞ ilə koordinasiya xüsusi əhəmiyyət daşıyır. İsrail üçün ABŞ ilə sinxron və ortaq hərəkət strateji baxımdan olduqca vacibdir və kritik məqamda bu əməkdaşlıq qaçınılmazdır. Region ölkələrinin ümumi mövqeyi münaqişənin hərbi yolla deyil, diplomatik vasitələrlə həllinə üstünlük verilməsidir. Müharibə olmadan razılaşmanın əldə olunması region üçün daha doğru və arzuolunan ssenaridir. İranın mövqeyindən geri çəkilməməsinin müəyyən səbəbləri var. İranı cəsarətləndirən həm hərbi-texniki nüanslar, həm də gizli siyasi dəstək amilləri mövcuddur və bu faktorlar Tehranın geri addım atmamasına təsir göstərir”.
O, yekun olaraq bildirib ki, bu mövqenin davam etdirilməsi İran üçün ciddi nəticələrə yol aça bilər:
“Bu cür arqumentlərə arxalanmaq İranı böyük fəlakətlərə sürükləyə bilər. Region üçün təhlükə yarada biləcək müharibə ssenarisinin İranın müəyyən iddialardan əl çəkməsi hesabına əvəz olunması daha məqsədəuyğundur”.
Fatimə Hüseynli
