00:00:00
Yazar
Elmira Ağayeva
03.08.2026 22:51 24 2 dəq oxuma
Siyasət

ABŞ ilə münasibətlərin ləngiməsi Gürcüstan üçün hansı riskləri yaradır?

ABŞ ilə münasibətlərin ləngiməsi Gürcüstan üçün hansı riskləri yaradır?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkəsi ABŞ ilə münasibətlərin normallaşmasını səbirlə gözləyir. Onun sözlərinə görə, Gürcüstan əməkdaşlığın inkişafında maraqlıdır.

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstan hakimiyyətinin ABŞ ilə münasibətləri normallaşdırmaq istəyi hələlik konkret siyasi güzəştlərdən daha çox “təmiz səhifədən başlamaq”, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan yol xəritəsi təklifi ilə ifadə olunur:


“Lakin Vaşinqtonun mövqeyinə görə, münasibətlərin tam bərpası yalnız diplomatik bəyanatlarla deyil, demokratik institutların vəziyyəti, vətəndaş cəmiyyəti və media ilə bağlı narahatlıqların aradan qaldırılması, siyasi qütbləşmənin azaldılması və təhlükəsizlik əməkdaşlığının yenidən canlandırılması istiqamətində real addımlarla mümkündür. Kobaxidze məsuliyyətin artıq ABŞ tərəfinin qərarından asılı olduğunu desə də, əslində Tbilisinin atacağı addımların məzmunu prosesin taleyini müəyyən edəcək. Gürcüstan hakimiyyəti sərt ritorikanı yumşaltmağa, strateji tərəfdaşlıq mexanizmlərini bərpa etməyə və Vaşinqtonun tələb etdiyi demokratik təminatlar üzrə kompromisə hazır olduğunu göstərməsə, normallaşma yenə də niyyət səviyyəsində qala bilər”.


Politoloq qeyd edib ki, ABŞ-Gürcüstan yaxınlaşmasının ləngiməsi isə yaranan geosiyasi boşluğu həm Rusiya, həm də Çin üçün əlverişli edir:


“Lakin bu iki ölkənin təsir alətləri fərqlidir. Rusiya Gürcüstan üzərində Abxaziya və Cənubi Osetiya, təhlükəsizlik təzyiqi, ticarət və siyasi təsir vasitələrindən istifadə edir. Çin isə investisiya, infrastruktur, nəqliyyat dəhlizləri və strateji tərəfdaşlıq vasitəsilə mövqelərini genişləndirir. Tbilisi ilə Pekin arasında münasibətlərin 2026-cı ildə “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilməsi Qərblə məsafənin açıldığı bir dövrdə xüsusilə diqqət çəkir. Bununla belə, Gürcüstanın tam şəkildə Rusiya-Çin orbitinə keçdiyini söyləmək tezdir. Ölkənin təhlükəsizliyi, iqtisadi əlaqələri və cəmiyyətin mühüm hissəsinin Avroatlantik seçimi hələ də ABŞ və Avropa ilə münasibətləri strateji alternativsiz edir. Buna görə Vaşinqtonla uzanan gərginlik Gürcüstana manevr imkanı versə də, uzunmüddətli perspektivdə onun Qərb sistemindən kənarlaşması və daha asılı xarici siyasət yürütməsi riskini artırır”.

Nuray Əliyeva

#ABŞ #Gürcüstan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər