"ABŞ ilə NATO arasında fikir ayrılıqları dərinləşir” - ŞƏRH
Donald Tramp ABŞ-nin NATO üzvlüyünü və Ukraynaya hərbi dəstəyini yenidən qiymətləndirir. Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi bildirib.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə NATO arasında fikir ayrılıqları əslində son illərdə tədricən dərinləşməyə başlayıb:
“Bu gərginliyin kökləri əsasən Rusiyanın Ukraynaya müdaxiləsi fonunda yaranan fikir ayrılıqlarına gedib çıxır. Həmin dövrdən etibarən Vaşinqtonun gözlədiyi dəstəyi alyans daxilində tam şəkildə ala bilməməsi münasibətlərdə müəyyən çatlar yaradıb. Xüsusilə son regional proseslər və Yaxın Şərqdə baş verən qarşıdurmalar fonunda bu fikir ayrılıqları daha açıq şəkildə üzə çıxmağa başlayıb. Vaşinqton bəzi məsələlərdə NATO ölkələrinin daha aktiv mövqe sərgiləməsini gözləsə də, alyans daxilində bütün dövlətlər bu yanaşmanı bölüşmür. Bu isə tərəflər arasında strateji baxış fərqlərinin olduğunu göstərir”.
Cavanşir Abbaslı bildirib ki, ABŞ ilə NATO arasındakı münasibətlərdə gərginliyin artması müəyyən risklər də yarada bilər:
“ABŞ alyansın əsas hərbi və maliyyə gücü hesab olunur və belə bir ölkənin təşkilat daxilində mövqeyini yenidən qiymətləndirməsi həm NATO-nun gələcəyi, həm də qlobal təhlükəsizlik sistemi üçün mühüm nəticələr doğura bilər. Əgər mövcud fikir ayrılıqları davam edərsə və Vaşinqton alyans daxilində gözlədiyi dəstəyi ala bilməzsə, gələcəkdə ABŞ-NATO münasibətlərində daha ciddi dəyişikliklərin baş verməsi ehtimalı istisna deyil. Bununla belə, belə bir qərar yalnız siyasi deyil, həm də hərbi və strateji baxımdan mürəkkəb prosesdir və qısa müddətdə reallaşması asan görünmür. NATO kimi böyük hərbi-siyasi alyansın zəifləməsi və ya parçalanması qlobal güc balansına da təsir göstərə bilər. Bu isə xüsusilə böyük dövlətlər arasında rəqabətin daha da güclənməsi ilə nəticələnə bilər. Buna görə də ABŞ ilə NATO arasındakı münasibətlərin gələcək istiqaməti beynəlxalq siyasətdə diqqətlə izlənilən əsas məsələlərdən biri olaraq qalır”.
Ayşə Müzəfərli