00:00:00
Yazar
Ayan Sadi
24.11.2026 14:13 49 2 dəq oxuma
Gündəm

ABŞ investorlarının Qarabağa marağı - bölgənin iqtisadi potensialı hansı imkanlar yaradır?

 

ABŞ investorlarının Qarabağa marağı - bölgənin iqtisadi potensialı hansı imkanlar yaradır?

 

ABŞ investorları Qarabağ və Şərqi Zəngəzurun investisiya imkanlarını öyrənməkdə maraqlıdırlar. ABŞ Ticarət Palatasının nümayəndəsi Cennifer Miel amerikalı şirkətlərin kənd təsərrüfatı, müasir texnologiyalar, süni intellekt və məlumatların təhlili sahələrində Azərbaycanın aqrar sektorunun inkişafına töhfə verə biləcəyini bildirib. ABŞ investorlarının növbəti il bölgəyə səfəri də planlaşdırılır.

 

Mövzu ilə bağlı “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədr müavini Əyyub Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ investorlarının Qarabağ və Şərqi Zəngəzura marağını şərtləndirən əsas amillərdən biri bölgənin kənd təsərrüfatı potensialıdır.

 

Ekspert qeyd edib ki, ərazidə geniş torpaq sahələri, heyvandarlıq, bitkiçilik və meyvəçilik üçün əlverişli imkanlar mövcuddur. Bununla yanaşı, müasir texnologiyaların tətbiqi və yeni istehsal sahələrinin yaradılması da xarici investorlar üçün maraq doğurur.

 

Əyyub Kərimlinin sözlərinə görə, regionda formalaşan yeni infrastruktur və logistika imkanları da investisiya cəlbediciliyini artırır. Avtomobil yolları, dəmir yolu xətləri və hava limanları gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun regional nəqliyyat və ticarət əlaqələrində iştirakına şərait yarada bilər.

 

Ekspert əlavə edib ki, Zəngəzur dəhlizi layihəsinin fəaliyyətə başlaması gələcəkdə bölgədə logistika mərkəzlərinin, anbar təsərrüfatlarının və yeni biznes imkanlarının formalaşmasına təsir göstərə bilər. Həmin ərazilərdə tətbiq edilən vergi və gömrük güzəştləri də sənaye və aqroparkların yaradılmasını stimullaşdıran amillərdəndir.

 

ABŞ şirkətlərinin kənd təsərrüfatına müasir texnologiyalar gətirməsinin mümkün nəticələrinə toxunan ekspert bildirib ki, bu əməkdaşlıq bir neçə istiqamətdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər:

 

“Bunlardan birincisi ağıllı kənd təsərrüfatının inkişafıdır. İkincisi su resurslarından səmərəli istifadə, üçüncüsü isə məhsuldarlığın və ərzaq təhlükəsizliyinin artırılmasıdır. Həmçinin aqrar məhsulların emalı və ixrac imkanlarının genişləndirilməsi, aqrar sektorda insan kapitalının inkişafı da vacib istiqamətlərdəndir”.

 

Əyyub Kərimli vurğulayıb ki, Qarabağın iqtisadi inkişafında əsas məqsəd yalnız yeni müəssisələrin tikilməsi deyil, texnologiyaya əsaslanan, ixracyönümlü və yüksək məhsuldarlığa malik iqtisadi ekosistemin formalaşdırılmasıdır.

 

Ekspert hesab edir ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanın əsas prioritetlərindən biri olduğuna görə bu istiqamətdə xarici investorlara daha geniş imkanların yaradılması mühüm əhəmiyyət daşıyır.

 

       

 Aytən Əhmədova

#potensialı #azərbaycan #marağı #iqtisadi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər