Rəqəmsal inkişaf investisiyaları cəlb edir: Azərbaycanın rəqəmsal inkişafı investorların diqqətində
Azərbaycanın rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi tədbirlər ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Rəqəmsal texnologiyaların tətbiqi dövlət idarəçiliyindən biznes mühitinə qədər bir çox sahədə yeni imkanlar yaradır. Bu proses həm də Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsinə xidmət edir. Xüsusilə rəqəmsal infrastrukturun inkişafı və innovativ həllərin tətbiqi xarici investorların diqqətini ölkəyə yönəldir. Bu baxımdan Azərbaycanın rəqəmsal potensialı investisiya cəlbediciliyini artıran əsas amillərdən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, rəqəmsal inkişaf investisiyaların cəlbinə birmənalı şəkildə müsbət təsir göstərir:
“İnformasiya mübadiləsinin asanlaşması, onlayn ödənişlərin və müraciətlərin daha sürətli həyata keçirilməsi şəffaf mühit yaradır, tranzaksiya xərclərini də azaldır. Bu baxımdan rəqəmsallaşma müsbət rol oynayır”.
İqtisadçı qeyd edib ki, rəqəmsallaşma dedikdə, bütün sahələrdə əldə olunan irəliləyişlər nəzərdə tutulur:
“Bunu ayrı-ayrı sahələrlə məhdudlaşdırmaq düzgün olmaz. Bank-maliyyə, pərakəndə ticarət, telekommunikasiya və elektron hökumət sektorlarında görülən işlər buna nümunədir.
Əsas məsələ vətəndaşın hökumətdən elektron şəkildə sənəd, arayış və məlumat ala bilməsi, müraciət göndərməsi və həmin müraciətin icra vəziyyətini izləməsidir. Yəni burada əsasən elektron hökumətin tətbiqindən söhbət gedir, lakin rəqəmsallaşma bununla məhdudlaşmır. Məsələn, banka getmədən kredit götürmək və ya Çinə getmədən ödəniş edərək mal sifariş etmək mümkündür. Bütün bunlar elektron ödənişlər və rəqəmsal platformalar vasitəsilə həyata keçirilir”.
İqtisadçının sözlərinə görə, rəqəmsal infrastrukturun inkişafı xarici investorların Azərbaycana marağının artmasında müsbət rol oynayır:
“Bu, ölkədə daha əlverişli və şəffaf biznes mühitinin formalaşmasına şərait yaradır.
Süni intellekt, məlumat bazalarının yaradılması, bulud texnologiyaları və telekommunikasiya sahələrində xarici investorlar üçün perspektivli imkanlar mövcuddur. Hökumət də bu sahələrə investisiya yatırmaq və əməkdaşlıq qurmaq istəyən xarici investorları açıq şəkildə dəvət edir. Bu istiqamətdə əməkdaşlıq üçün qapılar açıqdır”,- deyə iqtisadçı əlavə edib.
Nuray Dadaşzadə