Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranziti olacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında enerji məsələləri eksperti Ramiz Kəlbiyev
bildirib ki,
Ermənistanın Azərbaycan və Türkiyənin enerji sistemlərinə qoşulması Cənubi Qafqazda uzun müddət mövcud olmuş enerji təcridinin aradan qaldırılmasına və regional enerji əlaqələrinin genişlənməsinə şərait yarada bilər:
“Bu prosesin bir neçə mühüm nəticəsi gözlənilir:
Birincisi, regional enerji təhlükəsizliyi güclənə bilər. Ölkələrin elektrik şəbəkələrinin əlaqələndirilməsi enerji çatışmazlığı zamanı qarşılıqlı dəstəyə və fasiləsiz təchizata imkan verəcək.
İkincisi, elektrik enerjisinin qarşılıqlı ticarəti genişlənəcək. Azərbaycan yeni bazarlara çıxış əldə edə, Ermənistan isə idxal, ixrac və tranzit xidmətlərindən gəlir qazana bilər.
Üçüncüsü, Türkiyə ilə enerji əlaqələri genişlənəcək. Bu, Şərq-Qərb istiqamətində elektrik enerjisi mübadiləsinə və regionun Avropa enerji bazarına inteqrasiyasına imkan yarada bilər.Dördüncüsü, bərpa olunan enerji mənbələrinin inteqrasiyası asanlaşacaq. Azərbaycanın və Ermənistanın günəş, külək enerjisi potensialı regional enerji balansına töhfə verə bilər. TRIPP layihəsi yalnız nəqliyyat dəhlizi deyil, həm də regionun enerji və kommunikasiya infrastrukturunun inkişafına imkan yaradan təşəbbüsdür. Layihə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistan üzərindən yeni enerji tranzit marşrutlarının formalaşmasına, elektrik enerjisi ixracının genişlənməsinə və regional enerji bazarının inkişafına şərait yarada bilər”.
Ekspertin sözlərinə görə,
Azərbaycanın bərpa olunan enerji potensialı, xüsusilə külək və günəş enerjisi layihələri fonunda yeni ötürücü xətlər Türkiyə və digər bazarlara enerji ixracı imkanlarını artıra bilər. Eyni zamanda, ölkələrin enerji sistemlərinin birləşdirilməsi elektrik enerjisinin qarşılıqlı mübadiləsinə, investisiyaların və tranzit gəlirlərinin artmasına şərait yarada bilər:
“2026-cı il noyabrın 7-də Azərbaycan, Ermənistan və ABŞ arasında nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə texniki planlaşdırma qruplarının yaradılması barədə razılıq əldə olunması layihənin praktiki həyata keçirilməsi istiqamətində mühüm addımdır. Lakin bunun üçün ötürücü xətlərin tikilməsi, enerji şəbəkələrinin uyğunlaşdırılması və texniki-kommersiya məsələlərinin həlli vacibdir.
Ermənistanın Azərbaycanla enerji sistemlərini birləşdirmək təşəbbüsü iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirə, qarşılıqlı iqtisadi asılılıq və siyasi etimadı gücləndirə bilər. Enerji, nəqliyyat və digər kommunikasiya layihələrinin paralel inkişafı regional əlaqələrin açılmasına və sülh prosesinin iqtisadi əsaslarının möhkəmlənməsinə töhfə verə bilər. Nəticədə Cənubi Qafqaz yeni regional əməkdaşlıq və enerji tranziti məkanına çevrilə bilər”.
Fidan Alışova