ABŞ-İran danışıqları davam edir, amma mövqelər dəyişmir-ŞƏRH
İran və ABŞ nümayəndə heyətləri arasında Pakistan vasitəçilərinin iştirakı ilə İslamabadda keçirilən danışıqların üçüncü raundu başa çatıb. Bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.Qeyd olunub ki, tərəflər qaldırılan məsələlərin yekunları üzrə yazılı protokollar mübadiləsi aparırlar.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, bütün görüşlər fonunda uzun illər düşmən münasibətində olan bu ölkələr qısa müddətdə razılığa gələ bilməzlər:
“ABŞ və İran arasında diplomatik əlaqələrin bu cür görüşlər formatında bərpa olunması yenilikdir. Ola bilsin növbəti dəfə də görüş baş tutsun. Lakin İsrailin buna ciddi maneə yaratması vəziyyəti daha da ağırlaşdırır. İsrail hətta danışıqlar başlamazdan əvvəl Livanı bombalamaqla razılaşmaya imkan verməyəcəyini bir növ elan edib. Buna baxmayaraq ABŞ-İran danışıqlarının indiki halda nəticəsi mənfi görünür. Çünki tərəflər şərtlərdə güzəştə getmirlər. Çünki tərəflər şərtlərdə güzəştə getmirlər. Elə bir hal yaranıb ki, hansısa tərəf güzəştə getsə, məğlub hesab oluna bilər. Odur ki, real nəticənin hasil olması mürəkkəbləşir”.
Siyasi şərhçinin sözlərinə görə, danışıqların uğursuz olması vəziyyəti əvvəlki müharibə şəraitinə qaytara və Hörmüz boğazı ilə yanaşı digər strateji nöqtələrdə də gərginlik yarada biləcəyini qeyd edib:
“İranı dəniz blokadasına almaq istəyən ABŞ ilə İran arasında müharibənin hələ davam edəcəyi görünür. ABŞ artan beynəlxalq təzyiq və qınaq qarşısında bir qədər fasilə verməklə həm də hərbi, strateji hazırlığını artırır və vaxt qazanır. Əgər ABŞ razılığa gəlsə belə, İsrail özü təkbaşına müharibəni davam etdirəcək və nəticədə müttəfiqlik prinsiplərinin tələblərinə uyğun olaraq da Vaşinqton yenidən, dolayı da olsa, bu müharibənin tərəfi olacaq”.
Müsahib ABŞ-nin müharibəyə fasilə verməsini yenilənmiş taktiki yanaşma formalaşdırmaq və qlobal iqtisadi vəziyyəti müəyyən qədər sabitləşdirmək məqsədi güddüyünü vurğulayıb:
“ABŞ-nin müharibəyə fasilə verməsi heç də İran qarşısında çəkilmək məqsədi ilə deyil, sadəcə yeni taktika tərtib etmək və müəyyən qədər dünyada yaranmış iqtisadi böhranı nizama salmaqdır. Ona görə də əsasən Hörmüz boğazı ətrafında gərginlik davam etməkdədir. ABŞ-nin müharibəyə fasilə verməsi heç də İran qarşısında geri addım atmaq məqsədi ilə deyil, yeni taktika tərtib etmək və müəyyən qədər dünyada yaranmış iqtisadi böhranı nizama salmaqdır”.
Zəri Bayramlı