ABŞ-İran danışıqları Yaxın Şərqdə yeni güc balansı yarada bilər
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani ABŞ və İranın tezliklə Yaxın Şərqdəki böhrana son qoyacağına ümidvar olduğunu deyib.
Baş nazirin fikrincə, Vaşinqtonla Tehran arasında istənilən razılaşma region və bütün dünya ölkələrinin maraqlarını nəzərə almalıdır.
Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika və İran arasında kommunikasiya mövcuddur, danışıqlar davam edir. Bu proses birbaşa olmasa da, əsasən Pakistan üzərindən vasitəli şəkildə həyata keçirilir:
“Eyni zamanda, həm Donald Trampın, həm də İranın siyasi establişmentinin açıqlamalarında müəyyən ziddiyyətli yanaşmalar müşahidə olunur. Konkret olaraq, ABŞ İranın nüvə proqramının dayandırılmasını istəyir. Burada əsas mübahisə proqramın hansı müddətə dayandırılması ilə bağlıdır. Son müzakirələrdə 12 illik fasilə, zənginləşdirilmiş uranın ABŞ-yə verilməsi və Hörmüz boğazının açıq saxlanılması kimi şərtlərin gündəmdə olduğu bildirilir. Bundan əlavə, İranın idarə olunması və təbii sərvətləri ilə bağlı açıq şəkildə səsləndirilməyən başqa tələblərin də olduğu ehtimal edilir. ABŞ bölgədə daha geniş təsir imkanları əldə etməyə çalışır. İran isə müəyyən gizli siqnallar versə də, açıq şəkildə Hörmüz məsələsində geri addım atmayacağını bəyan edir. Nüvə proqramı ilə bağlı isə bəzən güzəştlərin mümkün ola biləcəyi bildirilsə də, bəzi açıqlamalarda geri çəkilməyəcəkləri vurğulanır. Bu da tərəflərin mövqeyində qeyri-müəyyənlik yaradır. Beləliklə, birbaşa olmasa da, dolayı dialoq mövcuddur. Donald Tramp bəzən bu danışıqları nikbin şəkildə təqdim edərək “ciddi və məhsuldar söhbətlərin” getdiyini bildirir. O, hətta iddia edir ki, İran rəsmiləri qapalı görüşlərdə fərqli mövqe sərgiləyir, lakin daxili ictimai rəydən ehtiyat etdikləri üçün açıq şəkildə başqa cür danışırlar. Bu ehtimal tamamilə istisna edilmir. İranda da müxtəlif mövqelər mövcuddur. Hakimiyyət daxilində ABŞ ilə anlaşmaq istəyən qüvvələr olduğu kimi, buna qarşı çıxan qruplar da var. Eyni zamanda İran təkbaşına hərəkət etmir; onun arxasında dayanan regional və qlobal güclər də mövcuddur və onların bir qismi Tehranla Vaşinqton arasında tam uzlaşmanın baş verməsini istəmir”.
Ekspert həmçinin bunu da qeyd edib ki, əgər tərəflər arasında anlaşma əldə olunarsa, bu, bölgədəki güc balansını ciddi şəkildə dəyişə bilər:
“Belə bir halda ABŞ-nin və ona yaxın dövlətlərin mövqeyi güclənər. Lakin İranı dəstəkləyən ölkələr və ABŞ-yə rəqib olan güclər bunun baş verməsində maraqlı görünmür. Xüsusilə Çin kimi dövlətlər ABŞ-nin bölgədə daha da güclənməsini istəməyə bilər. Çünki Vaşinqtonun İran üzərində təsir imkanlarını artırması gələcəkdə digər güclərin maraqlarına da təsir göstərə bilər. Bu baxımdan İran-ABŞ qarşıdurması təkcə iki ölkə arasındakı problem deyil, həm də qlobal güclər arasında rəqabətin bir hissəsidir. Bu mübarizə yeni dünya nizamının formalaşması prosesinə də təsir edir. Hazırda siyasi razılaşma ehtimalı mövcud olsa da, gərginliyin uzun müddət davam etməsi də kifayət qədər real görünür. ABŞ ilkin anlaşmaların əldə olunmasını və qısa müddətdə danışıqların intensivləşməsini istəyir. Yaxın günlərdə İranın bu təkliflərə necə cavab verəcəyi daha aydın olacaq. Əks halda, “nə müharibə, nə sülh” modeli ilə davam edən gərginlik yeni mərhələyə keçə bilər. Bəzi ehtimallara görə, ABŞ bölgədə hərbi fəaliyyətini yenidən artıra bilər. İran isə dron və raket imkanlarından, hətta ABŞ-nin hərbi gəmilərinə qarşı istifadə etməkdən çəkinmədiyini nümayiş etdirir. Buna görə də mümkün hərbi qarşıdurma ehtimalı hələ də qalır. Bununla belə, ümumi mənzərədə bu böhranın dialoq və siyasi razılaşma yolu ilə həll olunması regional və qlobal sabitlik baxımından vacib hesab edilir. Lakin bunun nə vaxt və hansı şərtlərlə baş verəcəyi tərəflərin öz maraqları ilə yanaşı, onların arxasında dayanan böyük güclərin mövqeyindən də ciddi şəkildə asılı olacaq”.
Güllər Gülhüseynova