ABŞ-İran gərginliyi: Müharibə 2027-ci ilə qədər uzana bilər
ABŞ-nin İrana qarşı hərbi əməliyyatının 2027-ci ilə qədər davam edə biləcəyi bildirilir.
ABŞ müdafiə naziri Pit Heqset Yaxın Şərqdə amerikalı hərbçilərin yerləşdirilmə müddətini uzadır. Hazırda bölgədə ABŞ-yə məxsus 19 hərbi gəmi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri yerləşdirilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları daha genişmiqyaslı müharibəyə çevrilmədən uzunmüddətli təzyiq strategiyası formasında davam edə bilər.
"40 günlük intensiv və tam miqyaslı bombardman əməliyyatından sonra aprelin 8-də İranda baş tutan danışıqların sonradan Amerika Birləşmiş Ştatları tərəfindən birtərəfli qaydada uzadılması və hər dəfə ciddi nəticələrin əldə olunmaması fonunda epizodik bombardman əməliyyatları davam edir. Yeni hərbi təyinatlı obyektlərin vurulmasına baxmayaraq, 40 günlük müharibədə olduğu kimi daha geniş eskalasiyanın olmamasının başlıca səbəbi, əslində, nəticəsiz adlandırdığımız danışıqlar fonunda iqtisadi cəhətdən dərin tənəzzül yaşayan İranda daxili problemlərin artmasıdır".
T.Əliyevin sözlərinə görə, ABŞ “nə sülh, nə müharibə” variantına üstünlük verməklə İranın daxildən zəifləməsini stimullaşdırmağa çalışır.
"Belə ki, məhdud resursları ilə daha çox özünün hərbi və müdafiə ehtiyaclarını qarşılamağa çalışan İran faktiki olaraq ağır şəraitdə olan əhalinin güzəranını yaxşılaşdırmaq istiqamətində ciddi addımlar ata bilmir. Bunun nəticəsində proses uzandıqca xalqın narazılığı, rejimə qarşı dirənişi daha da artır. Elə bu dediklərimin sübutu olaraq son zamanlar ölkənin ayrı-ayrı regionlarında müxtəlif peşə sahiblərinin və yaş qruplarına aid insanların hakimiyyətə qarşı sərt tələbləri ilə bağlı videoların yayılması bu yanaşmanın doğru olduğunu sübut edir".
Siyasi şərhçi hesab edir ki, İran daxilində hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi də ölkədəki vəziyyəti daha da mürəkkəbləşdirən əsas amillərdəndir.
"İkinci problem, həm də ən vacib problem hesab edirəm ki, rejim daxilində hakimiyyət uğrunda mübarizənin son dərəcə kəskinləşməsi ilə bağlıdır. Bu da İranda ölkənin bütövlüyünü və mövcudluğunu təhdid edən ən ciddi faktordur. Bu iki yanaşma, daha doğrusu, gözləntilər İrana bir güllə atmadan belə İranın sonunu gətirib çıxara biləcək bir strategiyadır".
O qeyd edib ki, Hörmüz boğazının blokadada saxlanılması və İran neftinin daha dərin sanksiyalara məruz qalması ölkəni ciddi iqtisadi böhranla üz-üzə qoya bilər.
"Xüsusilə, Hörmüz boğazının blokadada saxlanılması, İran neftinin daha dərin sanksiyalara da məruz qalması ölkəni iqtisadi fəlakətə sürükləyir. Elə məhz bu kontekstdən çıxış edən İran prezidenti qeyd etmişdi ki, bizim bu gün əsas düşmənimiz Amerika yox, iqtisadi tənəzzüldür. Müharibənin 2027-ci ilə qədər uzadılması sadaladığım səbəblərlə daha çox üst-üstə düşür".
T.Əliyev bildirib ki, ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilər də Vaşinqtonun İrana qarşı hərbi strategiyasına təsir göstərə bilər.
"Həm də nəzərə alsaq ki, noyabr ayında Amerika Birləşmiş Ştatlarında növbəti aralıq seçkiləri başlayır, seçki ərəfəsində tam hərbi əməliyyatların olmaması Amerika tərəfi üçün daha münasib variant ola bilər. Düşünürəm ki, bu məsələləri bilən və fərqində olan İran uzunmüddətli qeyri-müəyyənliyin ölkənin sonunu gətirə biləcəyini anlayır".
Ekspertin sözlərinə görə, İranın yaxın aylarda daha sərt addımlar atması yeni hərbi eskalasiyaya səbəb ola bilər.
"İran yaxınlaşan aralıq seçkilərindən sonra Amerika Birləşmiş Ştatlarının İrana növbəti hərbi əməliyyatlar dalğasını başladacağını bildiyi üçün, ola bilər ki, İran tərəfi iri hərbi qarşıdurmanın 2027-ci ilə qalmasına gətirib çıxaracaq daha sərt addımlar atmadan, elə payız aylarında da yenidən Amerika-İran müharibəsinin yeni aktiv mərhələsi yaşana bilər".
Aişə Mustafayeva