ABŞ-İran gərginliyi: Qarşıdurma hərbi əməliyyatlara çevrilə bilərmi?
ABŞ və İran arasında münasibətlər son günlər daha da gərginləşib. Tərəflər arasında danışıqlar davam etsə də, hərbi obyektlərə zərbələr, Hörmüz boğazında yaranan təhlükələr və qarşılıqlı təhdidlər qarşıdurmanın yenidən genişlənməsi ehtimalını artırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Murad Sadəddinov bildirib ki, ABŞ və İran arasında münasibətlər o qədər gərgin mərhələdədir ki, ayrı-ayrı rəsmilərin təhlükəsizliyi ilə bağlı baş verən dəyişikliklər ümumi vəziyyətə ciddi təsir göstərmir:
“Bu təhdidlər məsələnin sülh yolu ilə həllinə xidmət etmir. Lakin tərəflər arasında problemlər o qədər dərindir ki, hər hansı bir məmurla bağlı təhlükənin yaranması ümumi vəziyyətə ciddi təsir göstərməyəcək. Hazırda ABŞ üstünlüyü iqtisadi sanksiyalara verir. Bu baxımdan, sanksiyaların həyata keçirilməsində əsas fiqurlardan biri maliyyə naziri Skott Bessentdir. Ona qarşı təhdidlər də məhz bununla əlaqəli ola bilər. Tətbiq olunan embarqoların İran iqtisadiyyatına ciddi təsir göstərdiyi ölkədəki sosial-iqtisadi vəziyyətdən də görünür. Bessentin təhlükəsizliyinin gücləndirilməsi ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar, həmçinin nazirin və ailə üzvlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlardan irəli gələ bilər. ABŞ-nin regiona çoxsaylı hərbi qüvvə və silah-sursat yerləşdirməsi qarşıdurma riskinin yüksək olduğunu göstərir. İsrailin hava limanlarında 200-ə yaxın yanacaqdolduran təyyarənin yerləşdirilməsi də mümkün genişmiqyaslı aviasiya hücumlarına hazırlıq əlaməti ola bilər. Hesab edirəm ki, müəyyən mərhələdə ABŞ vasitəsilə İrana qarşı kütləvi hava hücumlarının başlanması ehtimalı var”.
Güllüzar Nəbili