ABŞ-İran münasibətlərində diplomatik kanallar hələ açıqdır
“Con Bolton müharibə tərəfdarı olan siyasətçi kimi tanınıb”.
Bu barədə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib.
“Təbii ki, onun bu tipli açıqlaması da təsadüfi sayıla bilməz. İranla Birləşmiş Ştatlar arasında müharibə riskləri qalsa da, bütövlükdə diplomatik kanallar bağlanmayıb. Omanda keçirilən görüşlərdən sonra İran danışıqlar üçün perspektivlərin qaldığının mesajını verib. Bu da, onu deməyə əsas verir ki, diplomatik kanallar hər iki ölkədən açıq tutulmağa çalışılır. Birləşmiş Ştatlarla İran arasında gedən gərginliyin arxasında bir sıra səbəblər var. İran da, Birləşmiş Ştatlar da başa düşür ki, tərəflər arasında böyük, müharibənin baş verməsi çox ciddi fəsadlara yola aça bilər. Bu Birləşmiş Ştatlar və İranın maraqlarına qətiyyən uyğun deyil. Eyni zamanda, körfəz ölkələri üçün də ciddi risklər formalaşır. Ona görə də Birləşmiş Ştatlarla İran maksimalist yanaşmadan çıxış etməsə, o zaman diplomatik təmasların effektiv nəticələri ola bilər”.
Əli Zülfüqaroğlu vurğulayıb ki, Türkiyə də bunun mesajını verir:
“Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bildirib ki, Birləşmiş Ştatların maksimalist yanaşması vəziyyəti daha da mürəkkəbləşdirir. Belə davam edəcəyi halda İran ən pis ssenariyə hazır olacaq. Bu da nə Birləşmiş Ştatlar, nə İran, nə də bölgə dövlətlərinin maraqlarına cavab verir. Bu baxımdan da hər iki ölkə danışıqlar prosesini davam etdirilməsində maraqlı ola bilər. Xüsusilə, İran bu istiqamətdə addımlar atmağa çalışır. Ona görə də hesab edirəm ki, diplomatik təmasların davam etməsi müsbət tendensiya kimi qiymətləndirilə bilər”.
Nuray Əliyeva
