ABŞ-İran münasibətlərində yeni mərhələ?
“Bu saziş barədə danışa bilmərəm, qərar tamamilə məndən asılıdır”.
Bunu ABŞ Prezidenti Donald Tramp İranla bağlanacaq sazişlə bağlı jurnalistlərə açıqlamasında deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu bəyanat daha çox siyasi təzyiq və diplomatik manevr mesajı kimi qiymətləndirilə bilər:
“Tramp bir tərəfdən sərt mövqeyini qorumağa çalışır, digər tərəfdən isə ABŞ üçün “əlverişli şərtlərlə” mümkün razılaşma variantını açıq saxlayır. Bu baxımdan açıqlama ABŞ-İran münasibətlərində müəyyən diplomatik irəliləyiş ehtimalını artıran siqnal hesab oluna bilər. Eyni zamanda, ABŞ-İran münasibətlərində yeni saziş ehtimalı Yaxın Şərqdə gərginliyin qismən azalmasına təsir edə bilər. Xüsusilə nüvə proqramı, regional təhlükəsizlik və enerji marşrutları ilə bağlı risklərin azalması bazarlara və region ölkələrinə müsbət mesaj verə bilər. Lakin burada əsas məsələ tərəflərin qarşılıqlı etimad səviyyəsidir. Çünki tərəflər arasında uzun illərdir davam edən strateji etimadsızlıq qalmaqdadır. Buna görə də mümkün razılaşma olsa belə, onun tam və davamlı sabitlik yaratması qısa müddətdə asan görünmür”.
Nuray Əliyeva