00:00:00
Yazar
Admin User
06.02.2026 15:49 48 2 dəq oxuma
Siyasət

ABŞ-İran nüvə danışıqları ərəb liderlərinin lobbiçiliyi nəticəsində bərpa olunub

ABŞ-İran nüvə danışıqları ərəb liderlərinin lobbiçiliyi nəticəsində bərpa olunub

Ərəb ölkələri liderlərinin Ağ Evdə apardığı lobbiçilik fəaliyyəti nəticəsində ABŞ ilə İran arasında nüvə danışıqları yenidən bərpa olunub. Bu barədə iki ABŞ rəsmisinə istinadən “Axios” portalı məlumat yayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki, ABŞ ilə İran arasında nüvə danışıqlarının yenidən bərpa olunması və bu prosesdə ərəb ölkələri liderlərinin Ağ Evdə apardığı diplomatik təşəbbüslərin ön plana çıxması Orta Şərqdə dəyişən siyasi-diplomatik mühitin bariz təzahürü kimi dəyərləndirilə bilər:

 

"Mövcud vəziyyət göstərir ki, ABŞ–İran münasibətləri artıq yalnız iki paytaxt arasında həll olunan məsələ olmaqdan çıxaraq, region dövlətlərinin təhlükəsizlik və sabitliklə bağlı maraqlarını bilavasitə əhatə edən çoxtərəfli problemə çevrilib. Ərəb ölkələrinin artan diplomatik fəallığı isə regional aktorların qlobal güclərin strateji qərarlarına təsir imkanlarının genişləndiyini açıq şəkildə nümayiş etdirir. Bu proses Orta Şərqdə güc balansının tədricən daha inklüziv və çoxtərəfli çərçivədə formalaşdığını göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.

 

Danışıqların Omanda keçirilməsi tərəflər arasında etimadın minimum səviyyədə də olsa qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Oman uzun müddətdir ki, ABŞ-İran münasibətlərində neytral mövqeyi və vasitəçilik təcrübəsi ilə seçilir. Məhz bu səbəbdən sözügedən ölkənin yenidən dialoq platforması kimi seçilməsi danışıqların sərt ideoloji ritorikadan uzaq, daha rasional və praqmatik müstəvidə aparılmasına şərait yaradır. Bu isə danışıqlar prosesinin davamlılığı üçün mühüm diplomatik zəmin formalaşdırır.

 

Bununla yanaşı, nəzərə alınmalıdır ki, danışıqların bərpası risklərin avtomatik şəkildə aradan qalxması anlamına gəlmir. Prosesin real nəticə verməsi tərəflərin qarşılıqlı güzəştlərə hazır olub-olmamasından və əldə olunacaq razılaşmaların effektiv icra mexanizmlərinin formalaşdırılmasından birbaşa asılı olacaq. Ümumilikdə isə ABŞ-İran nüvə danışıqlarının yenidən gündəmə gəlməsi Orta Şərqdə hərbi qarşıdurma ssenarilərindən daha çox diplomatik vasitələrin önə çəkildiyini göstərən müsbət siyasi tendensiya kimi qiymətləndirilə bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər