00:00:00
Yazar
Ayan Sədi
02.06.2026 20:05 68 3 dəq oxuma
Dünya

ABŞ-İran xəttində yeni siqnallar: Təzyiq və dialoq paralel davam edir

ABŞ-İran xəttində yeni siqnallar: Təzyiq və dialoq paralel davam edir

ABŞ Prezidenti Donald Tramp İranın danışıqları dayandırdığı barədə Vaşinqtona məlumat vermədiyini bildirib. O bu mövzunun həddindən artıq müzakirə edildiyini deyərək bir qədər susmağın daha yaxşı olduğunu vurğulayıb. Tramp qeyd edib ki, danışıqların dayanması bombardman demək deyil və ABŞ İran ətrafındakı dəniz blokadasını davam etdirəcək.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın açıqlamaları ABŞ-nin İrana qarşı həm təzyiq siyasətini, həm də məhdud dialoq imkanını eyni vaxtda qorumağa çalışdığını göstərir:

 

“Donald Trampın İranla bağlı son açıqlamaları ABŞ-nin Tehran siyasətində iki paralel xəttin eyni anda davam etdiyini göstərir. Bir tərəfdən təzyiq və çəkindirmə siyasəti, digər tərəfdən isə idarə olunan eskalasiyanın qarşısını almaq cəhdi ön plana çıxır. Biz bunu :maksimum təzyiq" və "məhdud dialoq pəncərəsi" arasında balans axtarışı kimi qəbul edə bilərik”.

 

Politoloq qeyd edib ki, Trampın açıqlamaları ABŞ-nin İrana qarşı təzyiq siyasətini davam etdirməklə yanaşı, diplomatik manevr imkanlarını da açıq saxladığını və regionda təhlükəsizlik maraqlarını prioritet hesab etdiyini göstərir:

 

“Birinci mühüm mesaj ondan ibarətdir ki, Vaşinqton İran məsələsində tam diplomatik qapanma vəziyyətində deyil. Trampın "danışıqların dayanması bombardman demək deyil" fikri ABŞ-nin hərbi eskalasiyanı avtomatik seçim kimi görmədiyini göstərir. Bu, İranla münasibətlərdə hələ də müəyyən diplomatik manevr imkanlarının saxlandığına işarə edir. Yəni ABŞ həm təzyiqi artırır, həm də qapını tam bağlamır.

 

İkinci mesaj odur ki, ABŞ regionda dəniz təhlükəsizliyi və enerji marşrutlarını prioritet hesab edir. İran ətrafında “dəniz blokadası” və ya dəniz nəzarətinin gücləndirilməsi barədə ritorika, xüsusilə Hörmüz boğazı kimi strateji keçidlərdə Vaşinqtonun sərt mövqeyini əks etdirir. Bu addım İranın regional təsir imkanlarını məhdudlaşdırmaq və eyni zamanda qlobal enerji bazarına riskləri nəzarətdə saxlamaq məqsədi daşıyır.

 

Digər mühüm element isə Trampın kommunikasiya tərzidir. Tramp ‘bir az susmaq yaxşıdır’ deyərək faktiki olaraq həm daxili auditoriyaya, həm də beynəlxalq aktorlara mesaj ünvanlayır. Ümumiyyətlə isə Tramp siyasəti emosional eskalasiyadan çox taktiki qeyri-müəyyənlik üzərində qurulur. Bu cür yanaşma Tehran üçün həm təzyiq, həm də siqnal xarakteri daşıyır".

 

Yusif Bağırzadə vurğulayıb ki, ABŞ və İran arasında birbaşa olmasa da, məhdud və dolayı diplomatik təmasların bərpası ehtimalı qalır, çünki tərəflər hərbi qarşıdurmadan yayınmağa çalışırlar:

 

“ABŞ-İran arasında diplomatik təmasların bərpası ehtimalı hələ də qalır. Birbaşa olmasa belə, dolayı və məhdud formatlı danışıqların bərpası mümkündür. Çünki hər iki tərəf hərbi qarşıdurmadan qaçmaq istəyir. Eyni zamanda, Hörmüz boğazı və Yaxın Şərqdə sabitliyin qlobal iqtisadiyyat üçün kritik əhəmiyyəti, həmçinin regional aktorların narahatlıqları da tərəfləri bu və ya digər şəkildə bir masa ətrafında oturmağa məcbur edir. Odur ki, yaxın perspektivdə diplomatik təmasların baş verəcəyi real görünür. Tərəflər bir-birini açıq şəkildə düşmən kimi tanımağa davam etsələr də, böhranların nəzarətdən çıxmaması üçün danışıqlar və məhdud razılaşma mexanizmləri saxlanıla bilər”.

 

Aydan Əsgərxanlı

#abş-i̇ran #gündəm #azərbaycan #paralel
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər