"Açıq sərhədlər" mübahisəsi: Qlobal miqrasiya siyasəti hara gedir?
ABŞ Prezidenti Donald Tramp nəzarətsiz miqrasiya və açıq sərhəd siyasətinin dövlətlərin milli təhlükəsizliyinə və suverenliyinə ciddi təhdid yaratdığını bildirib. O, sərhəd nəzarətinin zəiflədilməsinin ölkələri daxildən sarsıtdığını və məhvə apardığını vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın "açıq sərhədlər ölkələri məhv edir" fikri əslində hərfi mənada qəbul etmək doğru olmaz. Bu daha çox ölkələrdə asanlaşdırılmış keçidlərin, yoxlanmamış şəxslərin və yaxud cinayətlə əlaqəsi olan şəxslərin bu və ya digər formada ölkəyə keçməsi, xüsusilə də onların qeyri-leqal sənədlərlə keçməsi məsələsinə onun münasibətidir:
"Donald Tramp özü immiqrasiyanın əleyhinə olan bir şəxsdir və onun birinci və ikinci prezidentlik dönəmində də bu məsələlərə o kifayət qədər sərt münasibəti ilə seçilib. Onun ikinci hakimiyyət dönəminin ilk dövrlərində kütləvi şəkildə müxtəlif ölkə vətəndaşlarının təyyarələri dolduraraq ölkədən deport edilməsi də hətta Amerikanın özündə ciddi etirazlara gətirib çıxardıb. Amma bu fikri onun fikrində ki, əsas çalar ölkələrin daxilində və yaxud sərhədlərində keçid məsələlərə daha ciddi nəzarət edilməsi, miqrasiya qanunlarının sərtləşməsi, daha çox bu anlam daşıyır. Sərhədlərdə keçidlərin ciddi olması hər bir dövlət üçün vacib, onun təhlükəsizliyi üçün əsas amildir. Amma insan hüquqları ilə təhlükəsizlik məsələlərini elə uzlaşdırılmalıdır ki, bu ölkənin təhlükəsizliyinə zərər verməsin, eyni zamanda insanların sərbəst hərəkətini də məhdudlaşdırmasın. Yəni burda ortaq bir mexanizmin tapılması daha vacibdir”.
Politoloq qeyd edir ki, Avropanın özündə də miqrasiyanın əleyhinə olan sağçı qüvvələr var:
“Çünki, Avropada son onilliklərdə ciddi şəkildə emiqrantları qəbul ediblər və bir çox ölkələrdə emiqrantların faizi kifayət qədər yüksək olub. Ölkə əhalisinin də əsas əhalisinə nisbətdə faiz artımı daha güclü olub ki, bu da ölkələrdə sağçı qüvvələri narahat edir və onlar bunun əleyhinə çıxış edirlər. Trampın baxışlarına yaxın baxışlara sahib olan qüvvələr son illər onların populyarlığı ciddi şəkildə artıb və Avropada baş verən etiraz aksiyalarında əsas tələblərdən biri də miqrasiya siyasətinin sərtləşdirilməsi tələbləridir. Amma sərhədləri tam şəkildə bağlamaq mümkün deyil. Heç bir ölkə qapalı şəraitdə yaşamır və nəzərə alsaq ki, internet yüksək texnologiyalar o qədər sürətlə inkişaf edib ki, dünyada baş verən hər hadisədən dərhal xəbər tutma imkanlarına malikdir".
Xədicə İsmayılova