İranın gələcəyi sülh danışıqlarından asılıdır?
İran Prezidenti Məsud Pezeşkianın ölkənin “nə müharibə, nə də sülh” vəziyyətindən çıxmalı olduğuna dair bəyanatı Tehranın mövcud gərginlikdən çıxış yolu axtardığını göstərir. Lakin siyasi ekspertlərin fikrincə, İran hakimiyyəti daxilində bu məsələyə münasibətdə fikir ayrılıqları mövcuddur.
Mövzu ilə bağlı siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, Pezeşkianın bu istiqamətdəki bəyanatları yeni deyil və İran prezidenti daha əvvəl də danışıqların və dialoqun tərəfdarı olduğunu nümayiş etdirməyə çalışıb:
“Hazırda İranın blokada şəraitində qalması, atəşkəsin təmin olunmaması və ABŞ ilə münasibətlərdə gərginliyin davam etməsi ölkənin vəziyyətini daha da çətinləşdirir. Tərəflər arasında əldə olunmuş razılaşma müəyyən müddət ərzində atəşkəsə, qarşılıqlı əməkdaşlığa və kompromisə zəmin yaratsa da, bu proses uzunmüddətli olmayıb. Razılaşmanın pozulmasından sonra regionda yenidən qeyri-müəyyən vəziyyət formalaşıb. Mövcud vəziyyət hər iki tərəfin maraqlarına zidd olsa da, xüsusilə, İran üçün ciddi iqtisadi nəticələr doğurur. Belə ki, blokada səbəbindən neft ixracının məhdudlaşması ölkəyə valyuta daxilolmalarını azaldır, bahalaşmanı sürətləndirir və əhali arasında sosial-iqtisadi narazılığı artırır”.
Siyasi şərhçi vurğulayıb ki, Pezeşkianın mövqeyini bütövlükdə İran hakimiyyətinin sülh tərəfdarı olması kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, bu, daha çox danışıqlar yolu ilə vəziyyətdən çıxmağa çalışan İran prezidentinin siyasi mövqeyidir:
“Ölkədə təsir imkanlarına malik SEPAH və sərt xətt tərəfdarları isə fərqli mövqe nümayiş etdirirlər. Onlar ölkənin maliyyə resurslarının silahlanmaya, raket texnologiyalarının və nüvə proqramının inkişafına yönəldilməsinin tərəfdarıdırlar. Pezeşkianın son bəyanatı təkcə ABŞ-yə deyil, həm də İran daxilindəki radikal siyasi dairələrə ünvanlanmış mesaj kimi dəyərləndirilə bilər. Prezident bununla ölkənin mövcud böhrandan çıxması üçün hərbi qarşıdurmanın deyil, sülh və danışıqlar yolunun seçilməsinin vacibliyini çatdırmağa çalışır. Gərginliyin daha da artması və yeni hərbi əməliyyatların başlanması İranı daha ağır sosial-iqtisadi böhranla üz-üzə qoya, hətta humanitar fəlakətə səbəb ola bilər”.
Beləliklə, Pezeşkianın bəyanatı İranın həm xarici siyasətində, həm də daxili siyasi mübarizəsində sülh və müharibə tərəfdarları arasındakı fikir ayrılıqlarını bir daha gündəmə gətirir.
Ada Hacızadə