00:00:00
Yazar
Səadət Əlizadə
16.07.2026 18:58 183 3 dəq oxuma
Siyasət

ABŞ İrana qarşı 90 dəqiqəlik növbəti hücumu başa çatdırıb

ABŞ İrana qarşı 90 dəqiqəlik növbəti hücumu başa çatdırıb

ABŞ Mərkəzi Komandanlığı iyulun 15-də Şərq vaxtı ilə səhər saat 7:30-da İrana qarşı səhər hücumlarını başa çatdırıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi yeni hərbi əməliyyatlar Vaşinqton-Tehran münasibətlərində gərginliyin növbəti mərhələyə keçdiyini göstərir və birbaşa hərbi zərbələrin intensivləşməsi daha ciddi eskalasiya riskləri yaradır:

 

“Hazırkı vəziyyət göstərir ki, tərəflər arasında qarşıdurmanın əvvəlki “idarə olunan gərginlik” çərçivəsindən çıxmaq ehtimalı artır. 
Məlumdur ki, hazırkı böhranın mərkəzində bir neçə əsas məsələ dayanır. İlk olaraq, İranın regional təsir imkanları və ABŞ-nin Tehranın hərbi potensialını məhdudlaşdırmaq cəhdləri. Digəri isə, Hörmüz boğazının təhlükəsizliyi məsələsidir. Bu su yolu qlobal enerji ticarəti üçün strateji əhəmiyyət daşıyır və burada hər hansı uzunmüddətli qeyri-sabitlik dünya enerji bazarlarına birbaşa təsir göstərir. Üçüncüsü isə tərəflərin danışıqlar masasında daha əlverişli mövqe qazanmaq üçün hərbi təzyiqdən istifadə etməsidir.
Son eskalasiya göstərir ki, Hörmüzü özünün əsas təsir vasitəsi hesab edən İran nəyin bahasına olursa olsun boğaz üzərində nəzarət imkanlarının tanınmasını istəyir və bu məqsədlə də özünün nəzarətindən kənar istənilən gəmini hədəfə alır. ABŞ isə buna dərhal reaksiya verərək ağır zərbələr endirməklə bu hüququ heç bir halda tanımayacağını ortaya qoyur. Yəni başqa sözlə Vaşinqton İranın əlindən Hörmüz kimi bir təzyiq vasitəsini almaq üçün hərəkət edir, Tehran isə xarici təzyiqlər qarşısında geri çəkilməməklə daxili və regional mövqelərini qorumağa çalışır".

 

 

Əlavə olaraq bildirilib ki, bunlar bir daha onu sübut edir ki, Yaxın Şərqdə təhlükəsizlik balansı çox həssasdır və hər hansı yanlış hesablama daha geniş qarşıdurmaya səbəb ola bilər:

 

"Xüsusilə, enerji marşrutları, Hörmüz boğazının təhlükəsizliyi və qlobal neft bazarları baxımından bu gərginlik bütün dünya üçün əhəmiyyət daşıyır.
Azərbaycan baxımından bu hadisələr həm risklər, həm də müəyyən imkanlar yarada bilər. İlk növbədə, Azərbaycanın yerləşdiyi coğrafi məkan nəzərə alınmalıdır. Cənubi Qafqaz Yaxın Şərq və Avrasiya məkanlarının kəsişməsində yerləşdiyi üçün regiondakı hərbi-siyasi proseslərə həssasdır. ABŞ-İran qarşıdurmasının genişlənməsi Azərbaycanın təhlükəsizlik mühitinə, xüsusilə regional sabitliyə və sərhəd ərazilərindəki vəziyyətə təsir göstərə bilər.
Eyni zamanda, böhranlar müəyyən diplomatik imkanlar da yarada bilər. Məlumdur ki, Azərbaycan belə mürəkkəb dövrlərdə regional sabitlik tərəfdarı kimi çıxış edərək, müxtəlif tərəflərlə dialoq imkanlarını qorumağa çalışır. Enerji təhlükəsizliyi baxımından isə Azərbaycanın Avropa və digər tərəfdaşlar üçün əhəmiyyəti arta bilər. Qlobal enerji bazarlarında qeyri-müəyyənliyin artması alternativ enerji və nəqliyyat marşrutlarının rolunu daha da yüksəldir ki, burada Azərbaycanın rolu daha qabarıq şəkildə üzə çıxır. 
Odur ki, ABŞ-İran qarşıdurmasının yeni hərbi mərhələyə keçməsinə təkcə iki ölkə arasındakı münasibətlər məsələsi kimi baxmaq düzgün olmazdı. Bu, bütövlükdə Yaxın Şərq və Avrasiya təhlükəsizlik sisteminə təsir edən hadisədir. Azərbaycan üçün əsas prioritet bu proseslər fonunda balanslı xarici siyasəti davam etdirmək, milli təhlükəsizlik maraqlarını qorumaq və regional sabitliyə töhfə verən mövqeyini saxlamaqdır”.

 

Səadət Əlizadə

#dəqiqəlik #qarşı #i̇rana #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər