ABŞ İrana qarşı “İqtisadi təcrid” əməliyyatına başlayıb
ABŞ maliyyə naziri Skott Bessent İranın dünya üzrə maliyyə əlaqələrinə qarşı “iqtisadi hücum” başladıldığını açıqlayıb. “İqtisadi təcrid” adlandırılan əməliyyat çərçivəsində İranla biznes əlaqələri saxlayan ölkələrə sanksiyaların genişləndiriləcəyi barədə xəbərdarlıq edilib. Vaşinqtonun əsas məqsədinin İranın xarici maliyyə mənbələrinə çıxışını məhdudlaşdırmaq və ölkəni qlobal iqtisadi sistemdən təcrid etmək olduğu bildirilir.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, beynəlxalq münasibətlərdə qütbləşmə dərinləşir:
“ABŞ-nin İrana qarşı elan etdiyi “İqtisadi təcrid” əməliyyatı Tehranın valyuta sistemini və enerji ixracını çökdürməklə rejimə qarşı misli görünməmiş maliyyə təzyiqi yaratmağı nəzərdə tutur. Neft ixracının və limanların blokadaya alınması İranın əsas gəlir mənbələrini sıfıra endirəcək. Milli valyuta rekord səviyyədə dəyərdən düşəcək. Daxili sosial gərginlik artacaq. İqtisadi böhran əhalinin həyat şəraitini pisləşdirəcək. Bu vəziyyət rejimə qarşı daxili narazılığı daha da gücləndirəcək. İqtisadi zərbələrə baxmayaraq, Tehran hakimiyyəti daxildə əhaliyə qarşı sərt mövqe nümayiş etdirməkdə davam edəcək ki, bu da daxili gərginliyi daha da artıracaq. Bunun qarşılığında isə hakim elita, rejim mənsubları güzəştə getməkdən çəkinir və özünü sındırımır, emosional qərarlar qəbul edir. Regional proseslərdə də balansın dəyişəcəyi gözlənilir. İranın hərbi və proksi qüvvələrini maliyyələşdirmək imkanları zəifləyəcək. Ümumiyyətlə bu proseslərin nəticəsində regionda gərginlik qeyri-sabit xarakter ala bilər. ABŞ İranla işləyən ölkələri və bankları dollar sistemindən kənarlaşdırmaqla hədələyir ki, bu da ümumiyyətlə bütün dünyada siyasi, iqtisadi narahatlıq yaradır. Çin kimi əsas ticarət tərəfdaşları da bu təzyiqlərlə üzləşəcək. Alternativ maliyyə yolları arayışı qeyri qanuni və cinayət yolu ilə iqtisadi maraqların təmkinini aktuallaşdıra bilər. Qlobal iqtisadi sistemdən təcrid olunan ölkələr rəqəmsal valyutalar və ya qeyri-ənənəvi ödəniş mexanizmləri axtarışına çıxacaq ki, bu da Qərbdən asılı olmayan yeni ticarət şəbəkələrinin yaranmasını sürətləndirə bilər. Hazırda Vaşinqtonun sərt ultimatumları dünya liderlərini seçim qarşısında qoyub. Beynəlxalq münasibətlərdə qütbləşmə dərinləşir. Ümumiyyətlə İranın ABŞ-yə qarşı sərt dirənişi digər müttəfiq ölkələr üçün də ciddi problemlər yaradır ki, sonda bu ölkələr Tehranın yanından çəkiləcəklər. ABŞ-nin həyata keçirdiyi bu təcrid planı İran rejimini təslim olmağa yaxud yumşaltmağa yönəlib”.
Samirə Allahverdizadə