ABŞ İrana qarşı tarixin ən çətin əməliyyat planını hazırlayır
“ABŞ-nin İrana qarşı hazırladığı genişmiqyaslı və sərt əməliyyat planları təkcə ikitərəfli qarşıdurma çərçivəsində qalmayaraq, bütövlükdə qlobal təhlükəsizlik arxitekturasını, beynəlxalq hüququn təməl prinsiplərini və geosiyasi qüvvələr balansını kökündən sarsıtmaq gücünə malikdir”.
Bu fikirləri politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında deyib.
Politoloq bildirib ki, belə ssenarinin praktiki müstəviyə keçməsi Yaxın Şərqi bürüyəcək idarəolunmaz böhran dalğasına səbəb ola bilər:
“ Bu da regiondakı mövcud dövlət sərhədlərinin, siyasi rejimlərin və strateji ittifaqların yenidən formatlaşmasına yol aça bilər. Hərbi əməliyyatların başlanması qlobal enerji təchizatının əsas arteriyalarından biri olan Hörmüz boğazının və regiondakı digər kritik nəqliyyat qovşaqlarının fəaliyyətini iflic edə bilər ki, bu da dünya bazarında neft və qaz qiymətlərinin misli görünməmiş dərəcədə artması, qlobal miqyasda istehsal zəncirlərinin qırılması və iqtisadi tənəzzül risklərinin qaçılmaz olması deməkdir. Beynəlxalq münasibətlər səviyyəsində isə bu cür gərginliklər Qərb dövlətləri ilə digər qlobal güclər, xüsusilə Rusiya və Çin arasındakı strateji rəqabəti və qütbləşməni maksimum həddə çatdırır, BMT və digər beynəlxalq təşkilatların böhranların tənzimlənməsindəki rolunu praktiki olaraq sıfıra endirir. Eyni zamanda, bu proseslər fonunda regional dövlətlərin öz təhlükəsizliklərini qorumaq üçün yeni hərbi-siyasi ittihamlar və bloklar yaratmağa məcbur olması, həmçinin kütləvi miqrasiya dalğalarının formalaşması bütövlükdə Avrasiya məkanında sabitliyi uzunmüddətli perspektivdə təhlükə altına alır və sülh diplomatiyasının imkanlarını daraldır”.
Nurgün Qənizadə