ABŞ İranı yeni nüvə obyektində fəaliyyətə görə güclü zərbə ilə hədələyib
ABŞ Prezidenti Donald Tramp İranın Natanz yaxınlığında yerləşdiyi ehtimal edilən yeni nüvə obyektində fəaliyyətini davam etdirəcəyi təqdirdə Vaşinqtonun ölkəyə “çox güclü zərbə” endirə biləcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın yeni nüvə obyektində fəaliyyətini davam etdirməsi ABŞ-İran qarşıdurmasını daha təhlükəli mərhələyə keçirə bilər:
“ABŞ artıq məsələni yalnız diplomatik təzyiq kimi deyil, hərbi çəkindirmə məsələsi kimi təqdim edir. Trampın Pickaxe Mountain obyektinə zərbə endirilə biləcəyi barədə son xəbərdarlığı bunun göstəricisidir. İran belə təhdid qarşısında geri addım atmaq əvəzinə nüvə proqramını qorumaqda israr edə bilər. Tehran eyni zamanda raket imkanlarını və regional hərbi təzyiq rıçaqlarını önə çıxara bilər. Son günlər İranın ABŞ-nin bölgədəki enerji və hərbi obyektlərinin həssas olduğunu bildirməsi də bunun mümkün istiqamətlərindən xəbər verir. Lakin İran üçün ən rasional variant birbaşa genişmiqyaslı müharibəyə getmək deyil. Tehran danışıqlar qapısını tam bağlamadan ABŞ-yə təzyiq göstərməyə çalışa bilər. Bunun üçün nüvə fəaliyyətini danışıqlarda güzəşt predmeti kimi istifadə etmək mümkündür”.
Güllər Gülhüseynova