ABŞ İranla nüvə və Hörmüz üzrə razılığa gəlib- Tramp
ABŞ və İran nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı məsələlərdə razılığa gəlib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.
Tramp qeyd edib ki, razılaşmaya əsasən İran nüvə silahı əldə etməyəcək, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq. O, bu məsələlərin əvvəlcədən razılaşdırıldığını vurğulayıb.
ABŞ lideri həmçinin bildirib ki, Amerika qüvvələri hazırda resurslarını bərpa edir və növbəti mərhələni gözləyir.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ prezidentinin səsləndirdiyi bəyanatların bir çoxu reallığı əks etdirmədiyi üçün onlara ehtiyatla yanaşmaq lazımdır:
“İran əvvəlcədən bəyan edirdi ki, Ali dini rəhbərin nüvə silahının haram olması ilə bağlı fətvası var və odur ki, onlar bu silahı istehsal, istifadə etmək niyyətində deyillər. Sadəcə dinc məqsədlərlə, enerji mənbəyi kimi nüvəni zənginləşdirirlər. Lakin vaxtilə İraqa qarşı da eyni təhdidin olduğu kimi ABŞ İranın bu rəyinə əhəmiyyət verməyərək hücum edib. Hörmüz boğazı da əvvəllər açıq idi, yenə də açıq olacaq. Hər halda bu ziddiyyətli müharibəyə hələlik bu cür fasilə verilib. Lakin bütün bunların fonunda ABŞ prezidenti Donald Trampın, demək olar ki, açıqladığı bütün fikirlər çox zaman reallığı əks etdirmir. Reallıqdan uzaq, əsassız, qeyri-ciddi açıqlamalar verir. Ancaq hər bir halda əldə olunmuş razılıq davamlı olarsa, atəşkəs sülhə apara, yerdə qalan məsələlərə də bağlı anlaşma ortaya çıxa bilər. Özünü də, dövlətinin siyasi, beynəlxalq mövqeyini də mənfi obrazda dünyaya təqdim edən Trampın addımları və açıqlamaları tamamilə diplomatiyadan uzaq, sırf alver, ticarət metodlarına əsaslanır. Siyasət isə ticarət deyil. Ümumiyyətlə, bu müharibə nə İrana, nə də ABŞ-yə müsbət nəsə verə bilməz. Burada qazanan yalnız İsrail ola bilər. İsrail üçün də ABŞ-nin bu ağır duruma düşməsinə dəyməz. ABŞ-nin açıqladığı bəyanatları İran təkzib edir. Odur ki, nəticə hasil olmayınca ABŞ tərəfinin elan etdiklərinə, tamamilə qeyri-ciddi açıqlamalar olduğu üçün inanmaq, yaxud o sözlərə şərh vermək məqsədəuyğun olmazdı”.
Lalə Qurbanlı