ABŞ İranla sülh üçün danışıqlara başlayıb- "Axios”
ABŞ İranla mümkün sülh danışıqlarına hazırlıq mərhələsinin müzakirəsinə başlayıb.
Bu barədə “Axios” nəşri məlumat dərc edib.
Məlumata görə, müharibə daha 2-3 həftə davam edəcək, lakin bu zaman ərəfəsində diplomatik danışıqların formatı da müzakirə olunacaq. ABŞ-nin İrana Qətər, Misir və Böyük Britaniya vasitəsilə mesajlarını çatdırdığı bildirilir.
ABŞ-nin sülh üçün tələbləri bunlardır: Hörmüz boğazı açılmalı, İran raket proqramını 5 il müddətinə dondurmalı, uranın zənginləşdirilməsi və nüvə obyektlərinin fəaliyyəti dayandırılmalıdır.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında mövcud sərt şərtlər səbəbindən yaxın zamanda danışıqların baş tutması real görünmür:
“ABŞ və İran arasında danışıqlar ehtimalı azdır. Xüsusən də hər iki tərəfin bir-birinə qarşı çox sərt şərtlər elan etdiyi şəraitdə belə bir danışığın olması mümkünsüz görünür. ABŞ-nin şərtləri müəyyən qədər müharibədən əvvəlki şərtlərin təkrarı kimi görünə bilər, amma İranın şərtləri ABŞ üçün əsla mümkün görünmür, çünki daha ağır şərtlər irəli sürür. Müharibənin yaxın vaxtda bitməsi ehtimalı azdır. ABŞ daima müharibənin tez bitəcəyi haqqında təskinedici bəyanatlar, şərhlər verir. Bu da müharibənin tərkib hissəsidir. Beynəlxalq aləmin narahatlığına rəğmən belə bəyanatlar verilir. Belə danışıqlara təşəbbüs olsa da, İran imtina edəcək, yaxud danışıq baş tutmayacaq. Beləcə, İranın diplomatiyadan qaçdığı görüntüsü yaradacaqlar ki, müharibə davam etsin. ABŞ və İsrail İran savaşında tam birlikdə hərəkət edirlər. İsrail əsla İranla danışıqlara razı deyil, xüsusən də bu şərtlərlə. Bu da göstərir ki, sözügedən məsələ real deyil. Əgər ABŞ İranı tam küncə sıxarsa, bu zaman İran rejimin ömrünü 5 il də uzatmaq üçün raket istehsalından uzaqlaşa bilər. Hörmüz boğazını açmaq da İran üçün problem yaratmayacaq. Nüvənin zənginləşdirilməməsi ilə bağlı da orta məxrəcə gələ bilərlər. Amma hesab edirəm ki, İran hələ ABŞ-nin bu şərtləri ilə danışıqlara getməyə məcbur duruma gəlməyib. Əksinə, Hörmüz boğazını bağlamaqla qlobal narahatlıq yaradıb və İsraili raket yağışına tutur, ABŞ bazalarını vurmaqda davam edir. Ölkə daxilində də üsyan yox, etiraz yox. Xalq daha da birləşib hakimiyyəti dəstəkləyir. Ölən liderlərin yerinə də təyinat olub, sistem öz fəaliyyətini davam etdirir. Belə şəraitdən güc alan İran Ali dini liderinin adından yayılan şərtlər ABŞ üçün daha ağırdır və bu göstərir ki, həmin sərt şərtləri irəli sürən rejim asanlıqla açıq danışığa getməz. Amma bir istisna var. Əgər İranı Türkiyə yaxud Pakistan əleyhinə İraq və Əfqanıstanın işğalında olduğu kimi ABŞ-yə dəstək verəcəyinə, ən azı neytral qalacağına razı salıblarsa, gizli danışıqlar baş tuta, razılaşma əldə oluna bilər. Əslində İranla ABŞ və İsrailin hazırkı savaşı da İranın onların maraqlarına əvvəlki kimi xidmət etməməsi, yaxud bundan imtina etməsi səbəbilədir. Əgər hədəfdəki müsəlman ölkələri əleyhinə İranın yeni liderlərindən razılıq alınsa, dərhal müharibə dayanacaq və razılıq əldə olunacaq. Yox, əgər bu mümkün olmasa, İranı Türkiyə və Pakistan üçün problem mənbəyinə çevirməyə cəhd edəcəklər”.
Lalə Qurbanlı