ABŞ İraqın neft nazirinin müavininə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İraqın neft nazirinin müavini Əli Məaric Əl-Bəhadliyə (Ali Maarij Al-Bahadly) qarşı sanksiyaların tətbiq edildiyini bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.
ABŞ tərəfinin versiyasına görə, qərar Əl-Bəhadlinin İranın və İraqda onunla əlaqəli silahlı qruplaşmaların maraqları naminə satış üçün neftin yönləndirilməsinə köməklik göstərərək öz vəzifəsindən sui-istifadə etməsi ilə əlaqədar qəbul edilib.
OFAC, həmçinin iranyönümlü "Kətaib Seyyid əş-Şühəda" və "Əsaib Əhl əl-Həqq" qruplaşmalarının üç yüksəkvəzifəli liderinə qarşı sanksiyalar tətbiq edib.
Bəyanatda qeyd edilib ki, ABŞ bundan sonra da İraqdakı bu və digər iranyönümlü qruplaşmaları, o cümlədən "Kətaib Hizbullah"ı ölkə ərazisində ABŞ personalına, mülki şəxslərə, diplomatik obyektlərə və müəssisələrə edilən hücumlara görə məsuliyyətə cəlb etmək niyyətindədir.