ABŞ İslandiyanın NATO-da qalmasını istəyir - ŞƏRH
ABŞ ölkə sakinlərinin Avropa İttifaqına daxil olmaqla bağlı danışıqları bərpa etməmək qərarına baxmayaraq, İslandiyanın NATO üzvü olaraq qalmağa davam edəcəyini gözləyir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, ABŞ-nin Danimarkanın tərkibində olan Qrenlandiya ilə bağlı iddiaları, Kanada məsələsi və ümumilikdə Avropa ölkələri ilə münasibətlərində yaşanan problemlər İslandiyanın da ABŞ ilə münasibətlərinə müəyyən korrektələr gətirə bilər:
“Son dövrdə bu məsələlərin İslandiyada təhlükəsizlik və Avropa ilə münasibətlərə dair müzakirələri gücləndirdiyi də görünür. Bütün hallarda, İslandiya ABŞ-dən daha çox Danimarka və digər Şimali Avropa ölkələri – Norveç, İsveç və Finlandiya ilə eyni regional təhlükəsizlik mühitinin bir hissəsidir. İslandiyanın NATO-da qalması daha real ssenaridir”.
Politoloqun sözlərinə görə, ölkə öz təhlükəsizliyinin təmin olunmasında NATO-ya və müttəfiqlərlə əməkdaşlığa ciddi əhəmiyyət verir:
“İslandiyanın daimi ordusu yoxdur və təhlükəsizlik baxımından ABŞ ilə uzunmüddətli müdafiə əməkdaşlığına söykənir. Avropa İttifaqına gəldikdə isə, İslandiya onsuz da Avropa İqtisadi Zonasının üzvüdür və Avropa bazarına geniş çıxış imkanına malikdir. Buna görə də, tam üzvlüyə ehtiyac məsələsi ölkə daxilində uzun müddətdir mübahisə mövzusudur. İslandiyanın Avropa ilə münasibətlərində yaxın perspektivdə əsas istiqamət mövcud əməkdaşlıq mexanizmlərinin qorunması və təhlükəsizlik sahəsində digər Avropa ölkələri ilə əlaqələrin gücləndirilməsi ola bilər”.
Selcan Xudiyeva