00:00:00
Yazar
Səadət Əlizadə
29.04.2026 20:36 16 3 dəq oxuma
Siyasət

“ABŞ İsrailin təhlükəsizlik maraqlarını 
dəstəkləyir”-ŞƏRH

“ABŞ İsrailin təhlükəsizlik maraqlarını dəstəkləyir”-ŞƏRH

İsrail Livanda ərazi ələ keçirməyə çalışmadığını bəyan edib. Bu barədə İsrailin Xarici İşlər Naziri Gideon Saar mətbuat konfransında bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Gideon Saarın səsləndirdiyi bu bəyanat formal olaraq hər nə qədər de-eskalasiya mesajı kimi görünsə də, yəni başqa sözlə bu tip bəyanatlar siyasi ritorika səviyyəsində gərginliyi yumşaltmağa yönəlsə də, real vəziyyət mövcud hərbi dinamika ilə müəyyən olunur:

 

“Məlumdur ki, İsrailin təhlükəsizlik siyasəti Livan sərhədində yüksək həssaslıq yaradan çoxsəviyyəli risk strukturu formalaşdırır. İsrail uzun illərdir şimal sərhədini əsas təhlükəsizlik prioritetlərindən biri kimi görür və bu bölgədə, xüsusilə, Hizbullahın hərbi mövcudluğunu əsas təhdid kimi qiymətləndirir. Bu yanaşma nəticəsində sərhəd boyunca yüksək hərbi hazırlıq, kəşfiyyat fəaliyyəti və periodik zərbə əməliyyatları müşahidə olunur. Belə vəziyyət isə təsadüfi insidentlərin belə eskalasiyaya çevrilmə riskini artırır. Kiçik toqquşmaların genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalı daim mövcud qalır və bu, regionu daimi qeyri-sabitlik vəziyyətində saxlayır. Nəticədə, Hizbullah-İsrail qarşıdurmasının regional sabitliyə təsiri daha geniş miqyaslı nəticələr doğurur. Bu qarşıdurma artıq ikitərəfli lokal gərginlikdən çıxaraq regional güc balansının bir hissəsinə çevrilib. Hizbullahın həm hərbi, həm də siyasi aktor kimi mövcudluğu Livanın daxili siyasi sisteminə birbaşa təsir göstərir və ölkənin dövlət institutlarının tam suveren qərarvermə imkanlarını məhdudlaşdırır. Eyni zamanda, İsrailin cavab əməliyyatları Livan ərazisində infrastruktur və mülki təhlükəsizlik risklərini artırır ki, bu da humanitar və iqtisadi böhran potensialını genişləndirir. Region baxımından isə bu qarşıdurma İran, Suriya və digər aktorların dolayısı ilə daxil olduğu daha geniş geosiyasi rəqabətin bir hissəsidir. Nəticədə, Livan-İsrail gərginliyi Yaxın Şərqdə lokal münaqişə deyil, çoxqatlı regional təhlükəsizlik düyünü funksiyasını daşıyır”.

 

Həmçinin şərhçi qeyd edib ki, ABŞ və Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, burada əsas yanaşma İsrailin təhlükəsizlik hüququ ilə regional sabitlik arasında balans yaratmağa yönəlib:

 

“ABŞ İsrailin təhlükəsizlik maraqlarını strateji müttəfiqlik çərçivəsində dəstəkləyir, lakin eyni zamanda eskalasiyanın qarşısının alınmasını da prioritet kimi saxlayır. Bu səbəbdən Vaşinqton adətən həm İsrailə dəstək, həm də gərginliyin genişlənməməsi üçün diplomatik təzyiq siyasətini paralel aparır. Avropa ölkələri isə daha çox humanitar risklər, sərhəd sabitliyi və beynəlxalq hüquq çərçivəsinə vurğu edirlər. Onların yanaşması nisbətən daha ehtiyatlıdır və tez-tez atəşkəs çağırışları ilə müşayiət olunur. Ümumi olaraq qiymətləndirsək deyə bilərik ki, Livan-İsrail sərhədində problem həm ərazi mübahisəsi, həm də təhlükəsizlik dilemmasıdır. Tərəflərin rəsmi bəyanatları gərginliyi yumşaltmağa yönəlsə də, real vəziyyəti müəyyən edən faktor hərbi balans, qeyri-dövlət aktorlarının rolu və regional güclərin təsiridir. Bu isə o deməkdir ki, sabitlik yalnız siyasi bəyanatlarla deyil, kompleks təhlükəsizlik arxitekturası ilə təmin oluna bilər”.

 

Aytac İbrahimova

#gündəm #“abş #xəbər #baki #i̇srailin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər