“ABŞ Kubada rejimi dəyişmək niyyətindədir və prosesə açıq müdaxilə etmək istəyir"- Politoloqdan AÇIQLAMA
Donald Tramp Kuba hökumətinin ABŞ-nin təzyiqlərinə baxmayaraq hakimiyyətdə qalmasından narazıdır. Ağ Ev rejimin ilin sonuna qədər çökə biləcəyini düşünsə də, Tramp daha sürətli nəticə istəyir.
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Kubada rejimi dəyişmək və Rusiyanın təsirini azaltmaq üçün Kuba fondu üzərindən maliyyələşməni bərpa edərək prosesə açıq müdaxilə etməyi hədəfləyir:
“ABŞ hazırda Kubada rejimi dəyişmək niyyətindədir və bu məqsədlə Kuba fondu vasitəsilə maliyyələşməni bərpa edərək prosesə açıq müdaxilə etmək istəyir. Bu addımlar həm iqtisadi embarqonun gücləndirilməsi, həm də Kubanın Rusiya ilə əməkdaşlığının qarşısının alınması məqsədi daşıyır. Trampın "Monro doktrinası"na əsaslanan yanaşması Kubanın təcrid olunan halda qalmasını qeyri-mümkün hesab edir. Bu prosesdə Trampın narazılığı regional təsirlər doğurur və burada köhnə "Monro doktrinası"na- Latın Amerikası üzərində Amerika dominantlığı prinsipinə əsaslanan yanaşma özünü göstərir. Belə bir siyasi mühitdə Kubanın təcrid olunan bir "siyasi ada" kimi qalması mümkün deyil və bu, Trampın əsas narazılıq nöqtələrindən biridir. Florida-Kuba münasibətlərinin seçki kontekstində yenidən aktuallaşması Tramp üçün həlledici olsa da, ABŞ-nin regiondakı siyasətində antiamerikan meyillərini artıracağı proqnozlaşdırılır. Digər tərəfdən, Florida-Kuba məsələsi hələ 60-cı illərin böhranından bəri mühüm əhəmiyyət kəsb edir. Floridanın yenidən ön plana çıxması və bu ştatın seçkilərdə Trampa necə səs verəcəyi ABŞ-nin gələcək siyasəti üçün həlledici faktordur. Əgər mövcud sistemdə çöküş baş verməsə, ABŞ-nin regiondakı siyasətinin daha çox antiamerikan aurasına sürüklənəcəyi gözlənilir”.
Aydan Əsgərxanlı