ABŞ Litvada hərbi baza yaratmaq təklifini nəzərdən keçirəcək
ABŞ-nin Litvada hərbi baza yaratmaq təklifini nəzərdən keçirməsi NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğu baxımından diqqət çəkən addım kimi qiymətləndirilir. Təklifin reallaşması regionda təhlükəsizlik və müdafiə siyasətinə, eləcə də ABŞ-Litva hərbi əməkdaşlığına təsir göstərə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-ın Litvada hərbi baza yaratması Baltikyanı ölkələrin müdafiə imkanlarını gücləndirməklə yanaşı, NATO-nun regiondakı mövcudluğunu da artıra bilər. Onun sözlərinə görə, bu addım Rusiyaya qarşı əlavə çəkindirici təsir yaradaraq Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər:
“Amerika Birləşmiş Ştatlılarının Baltikyanı ölkələrdə, o cümlədən Litvada hərbi baza qurması əlbəttə ki, bu ölkələrin təhlükəsizliklə bağlı müəyyən qayğılarını azalda bilər. Belə ki, NATO qüvvələrinin onsuz da Şərqə doğru istiqamətdə möhkəmləndirilməsi ilə bağlı planlar həyata keçirilirdi. Rusiya-Ukrayna müharibəsinin başladığı andan ən çox narahat olan, elə məhz Baltik ölkələri, o cümlədən Polşa idi ki, artıq özünün hərbi potensialını ciddi şəkildə artırmağa müvəffəq olub”.
Oqtay Qasımov qeyd edib ki, eyni zamanda, ABŞ və NATO-da Baltikyanı ölkələrdə hərbi mövcudluğun gücləndirilməsi ilə bağlı müzakirələr aparılır:
“Əgər belə bir addım atılacaqsa, bu Rusiya üçün çəkindirici bir faktor olacaq və Baltikyanı ölkələrin təhlükəsizliyi ilə bağlı önəmli bir hadisə kimi dəyərləndirilə bilər. Belə bir addım atırlarsa, şübhəsiz ki, bu Avropada NATO-nun, ümumiyyətlə, o cümlədən Amerikanın imkanlarının artması anlamına gələcək. Zatən NATO-nun Şərqə doğru genişlənməsi də Amerikanın Avropa qitəsində gücünün artması deməkdir”.
Politoloq hesab edir ki, ABŞ-ın Litvada hərbi baza yaratması NATO və ABŞ-ın regiondakı hərbi və geosiyasi mövcudluğunun güclənməsinə səbəb ola bilər. Onun fikrincə, bu, həmçinin Rusiya üçün çəkindirici amil kimi çıxış edə və Baltikyanı ölkələrlə münasibətlərə təsir göstərə bilər:
“Şübhəsiz ki, belə bir addımın atılması, NATO və Amerikanın geosiyasi gücünün artması eyni zamanda Rusiya üçün çəkindirici faktor kimi qəbul edilə bilər. Çünki Amerika Birləşmiş Ştatlarının bazasının olması Rusiyanı, Baltikyanı ölkələrlə münasibətlərdə daha konstruktiv davranmağa məcbur edə biləcək deyə düşünürəm”.
Həmidə Cəbrayılova