00:00:00
Yazar
Zəhra Həsənova
16.10.2026 22:36 56 2 dəq oxuma
Siyasət

ABŞ müttəfiqlərinə sursat satışını müvəqqəti dayandırıb - ŞƏRH

ABŞ müttəfiqlərinə sursat satışını müvəqqəti dayandırıb - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi sursat ehtiyatlarını artırmaq məqsədilə müttəfiqlərinə silah-sursat satışını müvəqqəti məhdudlaşdırdığını bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Amerika Birləşmiş Ştatlarının öz hərbi sursat ehtiyatlarını artırmaq məqsədilə bu addımı atdığına o qədər də inana bilmirəm:

 

“ABŞ-nin kifayət qədər resursları və potensialı var. Satışları davam etdirsə belə, öz hərbi potensialını artırmaq imkanına malikdir. Düşünürəm ki, bu addım müəyyən mənada Ukraynaya dəstəkdən yayınmaq cəhdidir. ABŞ, xüsusilə də Tramp administrasiyası üçün Ukraynaya açıq şəkildə dəstək vermək bəzən arzuolunmaz nəticələrə səbəb olur. Bu, ictimai rəydə problemlər yarada bilər. Təbii ki, ABŞ rəhbərliyi açıq şəkildə Ukraynaya dəstək vermək istəmədiyini bəyan etsə, bu, noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində hakim partiyanın və bütövlükdə tərəfdarlarının imicinə zərər vura bilər. Bu baxımdan, məsələyə dolayı yolla yanaşırlar. ABŞ Ukraynaya dəstəyi artırmaq istəmir, eyni zamanda Rusiyanı da narazı salmaq niyyətində deyil. Yəni burada ikitərəfli siyasət yürüdülür və bu mövqe rəsmi şəkildə başqa cür əsaslandırılır. ABŞ yalnız indi deyil, tarixən də öz hərbi imkanlarını artırmağa üstünlük verib. Dünyanın ən böyük hərbi büdcəsinə malik dövlətdən danışırıq”.

 

Siyasi şərhçinin sözlərinə görə, bu büdcə hətta digər dövlətlərin hərbi xərcləri ilə müqayisədə olduqca böyükdür:

 

“ABŞ-nin hərbi büdcəsi bir trilyon dollara yaxındır. Bu, fantastik rəqəmdir və bir çox dövlətin təsəvvür edə bilməyəcəyi həcmdə vəsaitdir. Belə bir şəraitdə ABŞ-nin Çin və Rusiya ilə rəqabət aparmasına, hətta deyərdim ki, heç ehtiyacı da yoxdur. Çünki hərbi və iqtisadi imkanlarına görə ABŞ Çindən xeyli öndədir. Üstəlik, Rusiyanın potensialını da nəzərə alsaq, mənzərə daha aydın görünür. Elə Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışında qeyd etdi ki, dünyanın iki supergücü var: biri ABŞ, digəri isə Çindir. Üçüncüsü yoxdur. Bu yanaşmaya görə, Rusiya da həmin supergüclər sırasında yer almır. Ona görə də hesab edirəm ki, ABŞ-nin Rusiya ilə birbaşa supergüc rəqabəti aparmasına ehtiyac yoxdur. Çinlə müəyyən rəqabət aparmaq cəhdləri ola bilər, lakin ABŞ yenə də bir sıra göstəricilər üzrə öndədir.


ABŞ-nin silah tədarükünü məhdudlaşdırması və bu sahədə müəyyən düzəlişlər etməsi, əlbəttə ki, dünyadakı güc balansına istədiyi kimi təsir göstərmək arzusundan qaynaqlanır”.

Selcan Xudiyeva

#gündəm #yeni #satışını #şərh #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər