“ABŞ müxtəlif yollarla bəzi ərəb ölkələrini ələ alıb” - ŞƏRH
Tehran və Vaşinqtonun düşmənçiliyə son qoymaq üçün növbəti danışıqlar raunduna hazır göründüyü bildirilir.
Mövzu ilə bağlı iqtisadi şərhçi Elçin Rəşidov “İnformator.az”a açıqlamasında qeyd edib ki, Hörmüz boğazı həm Amerika Birləşmiş Ştatları, həm də İran üçün strateji əhəmiyyət daşıyır:
“Buna səbəb oradan axan neftin və qazın həcmidir. Ümumi qlobal neft ixracının təxminən 20 faizi Hörmüz boğazından keçir və onun bağlanması qlobal neft tədarükündə ciddi sarsıntı yaradır. Enerji asılılığı olan ölkələr bundan xüsusilə zərər görür. Bu hallar tarixdə də yaşanıb - 1973 və 1979-cu illərdə neft böhranları baş verib. 1973-cü ildə ərəb ölkələri İsraillə bağlı məsələyə görə ABŞ, Fransa, Britaniya, Almaniya və Yaponiyaya neft satışını dayandırmışdılar və bu, həmin ölkələrin iqtisadiyyatına ciddi təsir edib. Sonrakı illərdə isə ölkələr neft idxalını diversifikasiya etməyə, yaşıl enerjiyə keçməyə, strateji ehtiyatlar yaratmağa başladılar. Məsələn, Fransa atom enerjisinə böyük investisiyalar qoydu. ABŞ müxtəlif yollarla bəzi ərəb ölkələri üzərində təsir imkanlarını artırıb. Bu gün ABŞ İsraili açıq şəkildə dəstəkləyir və ərəb ölkələrindən ciddi müqavimət görmür. Bu da regiondakı siyasi reallığın göstəricilərindən biridir. Hörmüz boğazının kimin nəzarətində olması buna görə olduqca önəmlidir. Çünki həm enerji daşınır, həm də İran özü idxal-ixrac əməliyyatlarının mühüm hissəsini bu marşrut üzərindən həyata keçirir. Bu dar keçiddə enerji axınının çətinləşməsi neft təklifini azaldır və qiymətlərin qalxmasına səbəb olur. Bu, bazar qanunauyğunluğudur”.
Şərhçi əlavə edib ki, neft qiymətlərinin artması ölkə gəlirlərinə də təsir göstərir:
“Bu artım xüsusilə Azərbaycan Dövlət Neft Fondu və SOCAR kimi qurumların ixrac gəlirlərini artırır. Lakin qiymət artımı əhali üçün əlavə xərc deməkdir. Kənd təsərrüfatında istifadə olunan gübrələrin, idxal məhsullarının və daşınma xərclərinin bahalaşması birbaşa qiymətlərə təsir edir. Əhalinin gəlirləri artmadığı halda qiymətlərin artması onların alıcılıq qabiliyyətini zəiflədir. Eyni zamanda, regionda siyasi qeyri-sabitliyin artması idxal kanallarına, xüsusilə İran üzərindən gələn tədarük zəncirinə də mənfi təsir göstərə bilər. Bu isə bazarda bəzi məhsulların azalmasına və qiymət artımına səbəb ola bilər”.
Aytac İbrahimova