Türkiyə husilərə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək - ŞƏRH
Türkiyə Səudiyyə Ərəbistanının husilərin hücumlarından müdafiəsini dəstəkləməyə hazırdır, lakin Yəməndə husilərə qarşı birbaşa hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil.
Türkiyə rəsmisi bildirib ki, “Məkkə sazişi müdafiə paktıdır”. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının ərazisinin hücumlardan müdafiə olunması Yəməndəki vətəndaş müharibəsində birbaşa iştirakdan fərqlənir.
Diplomatik mənbənin məlumatına görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın xarici işlər nazirləri Nyu-Yorkda “Məkkə sazişi” çərçivəsində hərbi əməkdaşlığın institusionallaşdırılması məsələsini müzakirə ediblər. İlk mərhələdə Ər-Riyadda Məkkə Müdafiə İttifaqının daimi katibliyinin və birgə hərbi qərargahının yaradılması nəzərdə tutulur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekspert Polad Mehdiyev hesab edir ki, Türkiyənin bu mövqeyinin əsas səbəblərindən biri Ankaranın regionda yeni hərbi qarşıdurmanın birbaşa tərəfinə çevrilmək istəməməsidir.
“Türkiyə Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstək verməyə hazırdır, amma Yəməndə husilərə qarşı birbaşa hərbi əməliyyatlara qoşulmaq istəmir. Burada İran amili də mühümdür. Husilərin Tehranla yaxın münasibətləri nəzərə alınsa, Türkiyənin birbaşa hərbi əməliyyatlara qoşulması Məkkə sazişinin İrana qarşı yaradılmış hərbi ittifaq kimi təqdim edilməsinə səbəb ola bilər. Ankara isə belə bir görüntünün yaranmasını istəmir”, – deyə ekspert bildirib.
Polad Mehdiyev qeyd edib ki, “Məkkə sazişi”nin Türkiyədə hələ ratifikasiya edilməməsi də Ankaranın məsələyə ehtiyatlı yanaşmasının amillərindən biridir.
Onun sözlərinə görə, bu, Türkiyə-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığının inkişafına mane olmur. Əksinə, hava hücumundan müdafiə, hərbi texnologiyalar, kəşfiyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişlənməsi mümkündür.
“Yəni Türkiyənin siyasəti Səudiyyə Ərəbistanına dəstək vermək, amma Yəmən müharibəsinin birbaşa tərəfinə çevrilməmək üzərində qurulub”, – deyə ekspert vurğulayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu sentyabrın 26-da Səudiyyə Ərəbistanına səfər edib. O, səudiyyəli həmkarı Fəyyad bin Hamid ər-Rüveyli və Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşüb. Görüşlər husilərin Səudiyyə Ərəbistanı ərazisinə hücumlarının intensivləşdiyi bir vaxtda keçirilib.