ABŞ nümayəndəsi Stiv Uitkoff İsrailə səfər edir
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff sabah rəsmi səfərlə İsrailə gedir. Bu səfər bölgədə təhlükəsizlik, diplomatik əlaqələr və münaqişələrin həlli istiqamətində önəmli addım kimi qiymətləndirilir. Səfərin məqsədi həm ABŞ-ın regiondakı mövqeyini gücləndirmək, həm də İsrail ilə strateji əməkdaşlığı dərinləşdirməkdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun İsrailə planlaşdırılan səfəri regional proseslər baxımından mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər:
“Səfər xüsusilə Yaxın Şərqdə təhlükəsizlik mühitinin kəskin şəkildə gərginləşdiyi, ABŞ-İran münasibətlərinin isə ən həssas mərhələlərindən birini yaşadığı bir dövrə təsadüf edir. Bu kontekst səfərin mahiyyətini təkcə ikitərəfli deyil, daha geniş regional çərçivədə dəyərləndirməyə əsas verir.
Stiv Uitkoffun səfərinin əsas diplomatik məqsədi ABŞ ilə İsrail arasında strateji koordinasiyanı gücləndirməkdir. Vaşinqton üçün İsrail regionda əsas müttəfiq olaraq qalır və İran amili fonunda bu əlaqələrin möhkəmləndirilməsi prioritet xarakter daşıyır. Xüsusi nümayəndənin Tel-Əvivə göndərilməsi göstərir ki, ABŞ administrasiyası mövcud təhlükəsizlik çağırışları ilə bağlı qərarları təkbaşına deyil, müttəfiqləri ilə məsləhətləşərək formalaşdırmaq niyyətindədir. Bu, həm də İsrailin təhlükəsizlik narahatlıqlarının birbaşa dinlənilməsi və mümkün ssenarilərin birgə müzakirəsi baxımından əhəmiyyətlidir.
Bu səfər ABŞ-İsrail münasibətlərinə dair bir neçə strateji mesaj verir. İlk növbədə, Vaşinqton İsrailə açıq şəkildə siyasi və təhlükəsizlik dəstəyini davam etdirdiyini nümayiş etdirir. Bu mesaj təkcə İsrail ictimaiyyətinə deyil, eyni zamanda regiondakı digər aktorlara, xüsusilə də İrana ünvanlanıb. ABŞ göstərmək istəyir ki, regional balans məsələsində İsraili tək buraxmır və mümkün eskalasiya riskləri fonunda müttəfiqlik öhdəliklərinə sadiqdir. Eyni zamanda, bu səfər ABŞ-nin regionda liderlik rolunu qorumaq niyyətinin göstəricisi kimi də çıxış edir. ABŞ-nin ümumi region siyasəti baxımından Uitkoffun səfəri balanslı yanaşmanın tərkib hissəsidir. Bir yandan, Vaşinqton hərbi imkanlarını və təzyiq rıçaqlarını gündəmdə saxlayır, digər tərəfdən isə diplomatik kanalları açıq tutmağa çalışır. ABŞ-İran gərginliyinin pik həddə çatdığı bir şəraitdə İsrailə yüksək səviyyəli nümayəndə göndərilməsi mümkün qarşıdurmanın idarəolunan çərçivədə saxlanılmasına xidmət edir. Bu, həm hərbi eskalasiyanın qarşısını almaq, həm də diplomatik manevr imkanlarını genişləndirmək məqsədi daşıyır. Digər tərəfədn isə Uitkoffun İran Xarici İşlər Naziri Abbas Əraqçi ilə bir neçə gün sonra Türkiyədə görüşünün keçiriləcəyinə dair də məlumatlar var. Odur ki, İsrailə səfər həm də İran rəsmiləri ilə görüşdən öncə məsləhətləşmə xarakteri də daşıyır. Odur ki, Stiv Uitkoffun İsrailə səfəri sırf protokol xarakterli addım deyil. Bu səfər ABŞ-nin Yaxın Şərqdə strateji maraqlarını qorumaq, İsraillə koordinasiyanı dərinləşdirmək və İranla bağlı riskləri nəzarətdə saxlamaq məqsədilə həyata keçirilən kompleks diplomatik gediş kimi dəyərləndirilə bilər”.
Banuçiçək Məmmədova
