00:00:00
Yazar
Admin User
09.01.2026 15:40 88 2 dəq oxuma
Siyasət

ABŞ-nin beynəlxalq qurumlardan çıxması

ABŞ-nin beynəlxalq qurumlardan çıxması

Donald Tramp yanvarın 7-də ölkəsinin onlarla beynəlxalq və BMT qurumundan çıxacağını açıqlayıb. Siyahıya Paris İqlim Sazişi, eləcə də BMT-nin gender bərabərliyini təşviq edən qurumları daxildir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Hasan Oktay “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın 7 yanvar 2026-cı ildə imzaladığı sərəncamla 31-i BMT-nin tərkibində olmaqla cəmi 66 beynəlxalq qurumdan çıxmaq qərarı, İkinci Dünya müharibəsindən sonra qurulmuş çoxtərəfli dünya nizamında ən ciddi sarsıntılardan biridir:

 

“Tramp bu qərarı dünya sisteminin yenidən formalaşması prosesində ABŞ-nin qoruyucu rolunu deyil, öz milli prioritetlərinə əsaslanan bir sistem axtarışı çərçivəsində verib. ABŞ-nin Paris İqlim Sazişindən və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından çıxması, qlobal sistemdə liderlik boşluğu və maliyyə böhranı yaradacaq. ABŞ, inkişaf etməkdə olan ölkələr üçün illik təxminən 11 milyard dollar vəsaitin ən böyük təminatçısı idi. Bu mənbənin dayandırılması yoxsul ölkələrin emissiya hədəflərindən imtina etməsinə səbəb ola bilər. NASA və NOAA kimi ABŞ qurumlarının qlobal iqlim məlumatlarını paylaşmaması və ya IPCC-dən geri çəkilməsi, iqlim böhranına qarşı elmi əsaslı siyasətlərin hazırlanmasını iflic edə bilər.
Dünyanın ikinci ən böyük çirkləndiricisi olan ABŞ-nin sistemdən çıxması, Çin və Hindistan kimi ölkələr üçün öhdəlikləri zəiflətmək baxımından siyasi vasitə rolunu oynaya bilər”.

 

Hasan Oktay Trampın yanaşmasını ideoloji dövlət modeli kimi qiymətləndirib:

 

“Bu, ‘America First’ doktrinası çərçivəsindədir. Tramp ‘qlobalçı bürokratlar’ adlandırdığı strukturları vergi ödəyicilərinin vəsaitini israf edən mərkəzlər kimi təqdim edir. Bu addımlar müvəqqəti reaksiya deyil: ABŞ xarici siyasətini çoxtərəfli əməkdaşlıqdan ikitərəfli münasibətlərə çevirmək strategiyasının bir hissəsidir. Tramp çoxmillətli institutların ABŞ-nin hərəkət imkanlarını məhdudlaşdırdığına inanır və hər ölkə ilə güc balansına əsaslanan fərdi danışıqları üstün tutur. ABŞ qısa müddətdə maliyyə qənaəti əldə edə bilsə də, uzun müddətdə qlobal təcrid riski ilə üz-üzə qalacaq. ABŞ masadan çəkildikdə yaranan boşluğu əksər hallarda Çin doldurur. Beynəlxalq təşkilatlar yalnız yardım etməklə kifayətlənmir: eyni zamanda qlobal ticarətin hüquqi və institusional çərçivəsini qoruyur. ABŞ-nin çıxışı, Amerikan şirkətlərinin beynəlxalq bazarlardakı hüquqi müdafiəsini zəiflədə və bəzi ticarət bloklarından kənarda qoya bilər. NATO və Avropa İttifaqı ölkələri ABŞ-ni artıq proqnozlaşdırılan tərəfdaş kimi görməyə bilər. Bu isə Avropanın müdafiə və iqtisadi təhlükəsizlik strategiyalarını ABŞ-dən asılı olmadan, bəzən ona rəqib şəkildə qurmasına səbəb olacaq. Bu qərarlardan sonra xüsusilə Türkiyə və Türk Dövlətləri Təşkilatı, BMT daxilində yaranan boşluqları doldurmaq və iqlim diplomatiyasında daha fəal rol oynamaq imkanına malik olacaq”.


Fatimə 
Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər